Misli Premyer Liqasının 11-ci turunda "Şamaxı" ilə heç-heçə edən (2:2) "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, litvalı mütəxəssis ilk növbədə xalqımızı əlamətdar gün münasibətilə təbrik edib və nəticəni dəyərləndirib:

"Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. Hər oyuna qalib gəlmək üçün hazırlaşırıq, lakin enişli-yoxuşlu məqamlar da olur. Matça tam nəzarət edə bilmədik, rəqib təhlükəli əks-hücumlar yaradırdı. 2:2 hesabı azarkeşlər üçün maraqlı görünə bilər, qarşılaşmada həm qalib gələ, həm də məğlub ola bilərdik. Lakin ilk beşlikdə qərarlaşmışıqsa, bu bizim üçün ciddi xal itkisidir".

Təcrübəli baş məşqçi hakim idarəçiliyinə də toxunaraq avrokuboklarla müqayisə aparıb:

"Müzakirə olunası çox epizod var. Çempionlar Liqasında oynayarkən hakimlərin qaydalara tam riayət etdiyini görürük. İstərdim ki, daxili çempionatda da hakimlik eyni səviyyədə olsun".

Küləkli hava şəraitinin oyuna təsirini bəhanə etməyən mütəxəssis peşəkarlığın vacibliyini vurğulayıb:

"Bu futboldur və havanın heç bir əhəmiyyəti yoxdur. Külək hər iki komanda üçün problem yaradırdı, sadəcə peşəkar olmaq lazımdır".

Sıx qrafik və növbəti matçlar barədə danışan Dambrauskas komandadakı yorğunluqdan söz açıb:

"Milli komandalardan futbolçuların hansı formada qayıdacağını bilmirəm. Ağır səfərlərimiz oldu, oyunçuların yorulması təbii halladır. Hesab 2:1 lehimizə olarkən iki yüzfaizlik imkanı boşa verdik, sonra isə rəqib hesabı bərabərləşdirdi. Buna baxmayaraq, qarşıda qazanacağımız hələ çox xal var".

Çalışdırıcı sıx təqvimdə çempionat oyunlarına köklənməyin çətinliklərindən və avrokubok təcrübəsindən də bəhs edib:

" "Qarabağ" 12 il idi ki, avrokuboklarda çıxış edirdi və böyük təcrübəyə malik idi. Bizim üçün isə bu ilkdir. Faktiki olaraq iki heyətlə çıxış edirik, rotasiya edərkən isə futbolçular arasında anlaşma aşağı düşür. Ötən mövsüm yüksəlişə keçmək üçün bütöv 15 oyun lazım olmuşdu. "Vikinq"lə matçdan sonra eyni tempi tutmaq asan deyil, bərpa olunmaq üçün kifayət qədər vaxtımız yoxdur".

Sonda Abdulla Xaybullayevin "Vikinq"lə qarşılaşmada 10 nömrə mövqeyində çıxış etməsinə münasibət bildirən baş məşqçi fikrini belə tamamlayıb:

"O meydanda olanda oyuna baxışı çox önəmlidir. Həmin matçda onun hücum və müdafiədəki vəzifələri fərqli idi. "Vikinq"lə görüşdə qırmızı vərəqəyə qədər başabaş mübarizə apardıq. Zərurət yarandıqda oyunçuların funksiyalarını məhdudlaşdırmalı oluruq".