İspaniyalı mərkəz Aday Mara NBA-də ilk üçlüyünü dəqiq yerinə yetirib və üç blokşutla yadda qalıb. Onun çıxışı "Oklahoma Siti Thunder"in "Vaşinqton Vizards" üzərində 114:75 hesablı qələbəsində mühüm rol oynayıb. 21 yaşlı basketbolçu 27 dəqiqə meydanda qalıb, 18 xal, 8 ribaund və 3 assistlə fərqlənib, ümumilikdə 8/10 dəqiqliklə şüt atıb.

Offsideplus.az xəbər verir ki, Bilal Kulibaliyə vurduğu blokla Mara NBA-də debüt etdiyi ilk 10 oyunun hər birində ən azı bir blokşutla fərqlənib. Bu göstərici ilə o, Pau Qasolun debüt mövsümündə əldə etdiyi nailiyyəti təkrarlayıb. "Mundo Deportivo"nun məlumatına görə, Aday Mara NBA tarixində bu uğura imza atan 20-ci oyunçudur. O, həmin 10 oyunda ümumilikdə 19 blokşutla yadda qalıb.

Komanda yoldaşı Cared Makkeyn bildirib: "Biz bunu məşqlərdə tez-tez görürük. Onun yumşaq toxunuşu var. Düşünürəm, bundan sonra daha çox üçlük atacaq. Onun üçün çox sevinirəm."

Makkeyn həmçinin Maranın müdafiədə meydançanı necə tez qət etdiyinə diqqət çəkib: "Bu, inanılmazdır. O, orta məsafədən atılan şütə mane ola və dərhal ribaundu götürə bilir. Bunlar öyrədilə biləcək şeylər deyil. Mən ən yaxşı idman formasında olsam belə, bunu bacarmazdım. O, xal qazanmayan vaxtlarda da oyuna təsir edir. Üstəlik, o, həm alley-oop, həm də geri çəkilərək orta məsafədən şüt atmaq bacarığına malikdir. Belə oyunçunu saxlamaq çətindir."

Komandanın digər üzvü Kenrix Uilyams isə Maranın inkişaf tempini xüsusi qeyd edib: "O, gözümüzün önündə inkişaf edir. Mara xüsusi oyunçudur və bu liqada da xüsusi biri olacaq. Hələ inkişaf edəcəyi sahələr var. Onun böyüməsindən qürur duyuram. Üçlük isə bu gecənin zirvəsi oldu."