Misli Premyer Liqasının 11-ci turunda "Sabah"la heç-heçə edən (2:2) "Şamaxı"nın baş məşqçisi Azər Bağırov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis əvvəlcə xalqımızı Zəfər Günü münasibətilə təbrik edib:

"Zəfər Günümüz mübarək olsun. "Sabah"a qarşı oynadıq. Çempionlar Liqasında yaxşı mübarizə aparan komandadır. Oyunçularım döyüşdü, 1 xal qazandıq, daha çox ola bilərdi. "Sabah"a uğurlar arzu edirəm. İtirilən xallar haqda düşünmək istəmirəm. Uduzsaydıq da, bu sözləri deyəcəkdim. "İmişli" və "Şəfa" ilə matçların birinci hissəsindən razı olmamışam".

Komandadakı rotasiyalara toxunan baş məşqçi futbolçulardan qorxmamağı tələb etdiyini bildirib:

"Futbol elə oyundur ki, qorxmamalısan. Çalışıram ki, bütün oyunçulara şans verim. Daha çox dəyişiklik hücum xəttində olub. Emin Rüstəmov isə 11 oyunda da 90 dəqiqə meydanda olub".

Sonda transfer məsələsinə toxunan Azər Bağırov qış fasiləsində heyəti gücləndirmək niyyətində olduqlarını qeyd edib:

"Bu barədə düşünürük. Ən azı 1 oyunçu ilə güclənmək istəyirik".