DÇ-2028-in seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Latviya matçından (1:5) sonra futzal üzrə milli yığmamızın baş məşqçisi Elvin Quliyev Offsideplus.az-ın suallarını cavablandırıb.

Mütəxəssis ilk növbədə qarşılaşma ilə bağlı təəssüratlarını bölüşüb və erkən buraxılan qolların komandaya mənfi təsir etdiyini bildirib:

"Oyun bizim istədiyimiz kimi başlamadı. Rəqibin üstün tərəflərini bilirdik. Ümumiyyətlə, futzalı inkişaf etmiş ölkələr standart vəziyyətlərdən çox istifadə edir və qapıya yaxın standartlar axtarırlar. Biz də buna hazırlaşmışdıq, lakin matç başlayan kimi diqqətsizlikdən arxa-arxaya dörd qol buraxdıq. Ondan sonra komanda özünə gəlməkdə çətinlik çəkdi. Təcrübəsizlik öz sözünü dedi. Çexiya oyunundan sonra Latviya matçına hazırlaşmaq üçün cəmi iki gün vaxtımız var idi və komandada yorğunluq hiss olunurdu. İstədiyimiz kimi hazırlaşa bilmədik".

Baş məşqçi komandanın üçüncü zonada hücumları tamamlamaqda yaşadığı çətinliklərin və taktiki problemlərin səbəblərini izah edib:

"Üçüncü zonada spesifik hücumçumuz yoxdur. Rəqibin heyətində iri cüssəli, korpusla oynayan futbolçular var idi, bizdə isə belə profilli oyunçu olmadığı üçün arxadan sürətlə çıxmağa çalışırıq. Bu gün bu taktika nisbətən alındı, nisbətən alınmadı. Hesabın da futbolçulara psixoloji təsir etdiyini və daha çox qol buraxmaq qorxusu yaratdığını düşünürəm".

Sonda Elvin Quliyev milli komandaya yeni oyunçuların cəlb olunması imkanlarına toxunaraq ölkə çempionatındakı məhdud seçim imkanlarından söz açıb:

"Azərbaycanda olan bütün futzalçılar elə gördüyünüz heyətdəkilərdir. Çempionatımızda ümumilikdə 20 futzalçı çıxış edir ki, onların da 3-ü qapıçı, 17-si sahə oyunçusudur. Biz həmin 17 nəfərdən 12-sini heyətə dəvət etmişik. Yəni elə də böyük seçim şansımız yoxdur".