"Barselona"nın müdafiəçisi Pau Kubarşi La Liqanın 12-ci turunda "Atletiko"ya qarşı keçirilən və 2:1 hesabı ilə başa çatan oyundakı təəssüratlarını bölüşüb.
Offsideplus.az xəbər verir ki, gənc futbolçu ilk hissədə komandanın bir qədər dağınıq oynadığını, fasilədən sonra isə səhvləri düzəldib əla ikinci hissə keçirdiklərini və qələbə qazandıqlarını bildirib.
Kubarşi baş məşqçi Hansi Flikin fasilədə əsasən rəqibin pressinqindən danışdığını, ikinci hissədə isə meydanda daha düzgün yerləşdiklərini və hücumda daha inamlı olduqlarını qeyd edib.
O, Frenki de Yonqun sağ müdafiəçi mövqeyində çıxışını da yüksək qiymətləndirib: "Frenki istənilən mövqedə oynaya bilər. O, komanda üçün hər zaman əlindən gələni edir və heç vaxt şikayət etmir".
Kubarşi belə oyunların mövsümün əvvəlində komandanın hazırkı vəziyyətini qiymətləndirmək üçün vacib olduğunu, lakin bu qarşılaşmalarda titulun qazanılmadığını vurğulayıb: "Biz onsuz da potensialımızı bilirik. Bu cür matçlar komandanın durumunu görməyə imkan verir və pozitiv ab-hava yaradır".
O, "Real Madrid"in cəmi üç xal fərqlə öndə olmasına da münasibət bildirib: "Onlarda müəyyən dəyişikliklər var. Amma biz rəqiblərə yox, öz oyunumuzu yaxşılaşdırmağa köklənmişik".


