İtaliyanın tanınmış baş məşqçisi Luçano Spalletti "Yuventus"un "Fiorentina" ilə 2:2 hesablı heç-heçəsindən sonra komandasının problemləri barədə danışıb.

Offsideplus.az xəbər verir ki, Spalletti oyun zamanı bəzən özlərinin çətinlik yaratdığını bildirib: "Bəzən özümüzə heç bir səbəb olmadan problem yaradırıq. Bundan sonra inamımızı və sakitliyimizi itiririk. Oyun başlayandan az sonra qol buraxdıq. Sonra yaxşı reaksiya göstərdik, lakin həm fərdi, həm də komanda səviyyəsində sabit oyun nümayiş etdirməkdə çətinlik çəkirik. Yalnız 10 dəqiqə yaxşı oynayırıq, sonra isə nəsə çatmır. Bəzi anlarda baş verənlərlə barışırıq, qərar vermək və hərəkət etmək əvəzinə sadəcə baxırıq. Halbuki, məhz qərar və onun icrası şübhələrdən qurtulmağa kömək edir. Əgər daim tərəddüd etsən, heç vaxt irəli gedə bilməzsən".

Məşqçi Randal Kolo-Muani və Nik Voltemadenin qarşılıqlı oyunu barədə də fikirlərini bölüşüb: "Belə seçim rəqibin pressinqi ilə bağlıdır. Bəzən birbaşa mərkəz hücumçusuna oynamaq lazım gəlir. Voltemade müəyyən üstünlüklərə malikdir, baxmayaraq ki, qapıya arxası ilə oynamaq və təzyiq altında top qəbul etmək onun əsas keyfiyyətləri deyil. Buna baxmayaraq, bu işi görməlidir. Kolo-Muani hazırda özünü daha yaxşı hiss edir. O, yaxşı fiziki formada olanda istənilən mövqedə layiqli oyun göstərə bilər. Əvvəllər az hərəkət edirdi, indi isə daha fəaldır. Görürəm ki, oyun xüsusiyyətləri daha dəqiq formalaşıb".

Joau Mariunun əllə oyunu epizodu ilə bağlı isə Spalletti belə deyib: "Bilmirəm və həmin epizodu yenidən izləmək istəmirəm. Onsuz da meydanda hər şeyi gördüm".