"Real Madrid" EuroLeague Superkubokunun finalına vəsiqə qazanıb. İspaniya təmsilçisi Əbu-Dabidə keçirilən qarşılaşmada "Dubai" üzərində əlavə vaxtda 98:95 hesabı ilə qalib gəlib.

Offsideplus.az xəbər verir ki, Madrid klubunun qələbəsində əsas pay sahibi Timote Luwawu-Cabarrot olub. O, sonuncu hissədə üç dəfə üçxallıq atışla fərqlənib və matçın bitməsinə 25 saniyə qalmış dəqiq üçlük sayəsində oyunu əlavə vaxta daşıyıb (88:88). "Dubai"nin oyunçusu Tomas Uolkup son saniyələrdə qələbə üçün üçlük atışını dəqiq yerinə yetirə bilməyib və əlavə beş dəqiqə oynanılıb.

Əlavə vaxtda "Real Madrid" sürətlə səkkiz xallıq üstünlük (96:88) əldə edib. Lakin Elie Okobo "Dubai"ni oyuna qaytarıb və Xavi Paskualın komandası yenidən əlavə vaxt şansı əldə etsə də, Makinli Rayt üçlük atışını qaçırıb. Beləliklə, ispanlar qələbəni təmin ediblər.

Luwawu-Cabarrot və Uolter Tavares hərəyə 20 xal toplayıblar. Qabriel Dek 15, Xayme Pradilla isə 13 xalla yadda qalıb. "Dubai"də Okobo 24, Dveyn Beykon isə 19 xal əldə edib.

Superkubokun finalı şənbə günü saat 19:00-da "Real Madrid" və "Olimpiakos" arasında keçiriləcək. Üçüncü yer uğrunda görüş isə üç saat əvvəl "Dubai" və "Fənərbağça" arasında baş tutacaq.