"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasında "Şəfa"nı məğlub etdikləri matçdan (1:0) sonra mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis qələbəni şərh edərək komandanın oyunundan və qarşıdakı planlardan danışıb:
“Futbolçularımı təbrik edirəm. Uzun fasiləyə çıxırıq. İstərdim ki, kollektiv birgə olsun. Vacib oyunda 3 xal qazandıq. Hiss olunurdu ki, bəzi futbolçular istirahət düşünürdü. “Şəfa” yaxşı komanda formalaşdırıb. Yeni heyətləri var. Meydanda bənzər kollektivlər var idi.”
Rəqibin müdafiə xəttinə toxunan baş məşqçi çıxışını davam etdirib:
“Yaxşı müdafiə olunan kollektivə qarşı oynadıq. Daha yaxşı oynaya bilərdik. Daha yaxşı oynamaq borcumuzdur. İnanırıq ki, hücumlarımızın sayı çoxalacaq.”
Transfer məsələlərinə gəldikdə isə Qurbanov qış pəncərəsini işarə edib:
“Transfer edə bilmərik. Qışda imkan olsa, düşündüyümüz mövqedə bizi qane edən oyunçular olsa, transfer istəyirik.”
Komandadaki zədəlilər və milli komandaya dəvət alan futbolçular barədə də danışan çalışdırıcı Bəhlulun vəziyyətinə aydınlıq gətirib:
“10 gün sonra komandaya qoşula biləcək. Əməliyyatı ciddi yox, maraqlı oldu. Nadir futbolçularda belə zədə olur. Daha tez sağala bilərdi, təəssüf ki, istəmədiyimiz variant oldu. Elvin də, Bəhlul da - milliyə dəvət alan futbolçular zədəlidi. Nərimanla Toral komandadan gediblər. Gələcəkdə bu say çoxala bilər. Normal gedişatdır. Normal haldır. Persketivli yerli oyunçular olsa, əsas komandaya cəlb edəcəyik.”
Stadionlardakı azarkeş sayı ilə bağlı sualı cavablandıran Qurban Qurbanov azarkeşlərə xüsusi bir çağırışının olmadığını bildirib:
“Azarkeşlərə çağırışım yoxdur. Onların sayı çoxdur. Bütün komandaların stadionlara gəlməsini istərdim. Öz azarkeşlərimizə deyiləsi sözüm yoxdur, bir-birimizi çox istəyirik.”


