Tanınmış amerikalı müdafiəçi Mayk Ceyms bu yay transfer pəncərəsində baş verənlər barədə danışıb. "Anadolu Efes"in yeni transferi bildirib ki, mövsümə "Barselona"da başlamağa çox yaxın olub, lakin son anda vəziyyət dəyişib və o, azad agent kimi bazara çıxıb.
Offsideplus.az xəbər verir ki, Ceyms bu barədə belə danışıb: "Əslində, demək olar ki, artıq 'Barselona'nın oyunçusu idim. Sonra vəziyyət dəyişdi, dəqiq səbəbini özüm də bilmirəm. Həmin andan sonra bazara çıxdım və mümkün qədər çox komandanın mənim haqqımda nə düşündüyünü dinlədim, seçimimi ondan sonra etdim".
Təcrübəli basketbolçu qeyd edib ki, "Anadolu Efes"lə danışıqlar dərhal yekunlaşmayıb. Klub əvvəlcə daxili məsələləri, xüsusilə Şeyn Larkinin gələcəyi ilə bağlı sualları həll etməli olub. "Düşünürəm ki, onlar hələ də Şeyn Larkinlə bağlı qərar verməyə çalışırdılar. Onun qalacağı, gedəcəyi və ya hara gedəcəyi məsələsi açıq idi. Mən bu işlərə qarışmıram, öz işimlə məşğul oluram. Həmin vaxt başqa komandaların da təkliflərini dinləyirdim", – deyə Ceyms əlavə edib.
Mayk Ceyms "Anadolu Efes"in Avropanın ən elit klublarından biri olduğunu vurğulayıb: "Onlar çempion olublar. Qalib gəlmək səni böyük klub edir. İllər ərzində sabit şəkildə zirvədə olmaq bu statusu qazandırır. Son illərdə müəyyən çətinlikləri olsa da, bu, bəzən baş verir".
Təcrübəli oyunçu yeni mövsümdə "Anadolu Efes"i yenidən Avropanın zirvəsinə qaytarmaq üçün əzmlə çalışacağını bildirib.


