Fransa basketbolunun əfsanəsi və "San Antonio Spurs"un sabiq ulduzu Toni Parker yeni mövsümdən etibarən "ASVEL Villeurbanne" klubunun baş məşqçisi kimi debüt edəcək. 44 yaşlı Parker basketbol meydançasına qayıtmaq arzusunun illərdir içində olduğunu və məşqçilik qərarının uzun düşüncələrdən sonra verildiyini bildirib.

Offsideplus.az xəbər verir ki, Parker basketbolçu karyerasını başa vurduqdan sonra meydançadan uzaq qalmağın onda böyük bir boşluq yaratdığını etiraf edib: "Bu işdən böyük zövq alıram. Son iki-üç ildə yenidən meydançaya qayıtmaq istəyim güclənmişdi. Hər yay basketbol düşərgələrində məşqçilik edirdim. Amma karyeramı bitirəndən sonra fasiləyə ehtiyacım vardı. Tədricən bu hiss yenidən qayıtdı. Rəqabət, təcrübəmi bölüşmək və meydanda olmaq məni həvəsləndirir. Ona görə də bu sahəyə tam gücümlə atılmaq qərarına gəldim."

Parkerin məqsədləri təkcə Fransa və ya EuroLeague-lə məhdudlaşmır. O, NBA və EuroLeague arasında birbaşa əməkdaşlıq qurulacağı təqdirdə Avropada güclü bir sistem formalaşdırmaq niyyətindədir: "Heç bir qapını üzümə bağlamıram, amma hazırda özümü növbəti on il ərzində Lionda görürəm. NBA-də artıq hər şey qurulub. Burada isə, əgər NBA Europe və EuroLeague arasında razılıq əldə olunsa, hər şey yenidən qurulmalıdır. Bu, əməli baxımdan çox maraqlıdır və məhz buna görə bu layihəyə tam sadiq qalmaq istəyirəm."

Parker Avropada idman sahəsində maliyyə çətinliklərinin davam etdiyini də vurğulayıb: "Avropada idmandan gəlir əldə etmək asan deyil. Ona görə də EuroLeague və NBA arasında aparılan danışıqlar son 15 ildə Fransa basketboluna yatırdığım sərmayənin geri dönüşünü təmin etmək üçün unikal bir imkan yaradır."

Bu yay "ASVEL" böyük transfer planları ilə gündəmə gəlsə də, klubun büdcəsi Fransa maliyyə tənzimləyicisinin qərarı ilə 60 milyon avrodan təxminən yarıbayarı azaldılıb. Parker bu barədə deyib: "Düşünürəm ki, bir az da "Monako"nun əvvəlki problemlərinin əvəzini ödəyirik. DNCG bu miqyasda layihəyə heç bir risk etmək istəmədi. İnvestisiya fondumuzun tam razılığı vardı. Hər şey təsdiqlənməsəydi, nə o rəqəmləri açıqlayardım, nə də bu addımları atardım. Lakin belə layihələrin hüquqi tərəfləri və çoxsaylı detalları var. DNCG-nin tələb etdiyi zəmanətləri vaxtında təqdim edə bilmədik və planlaşdırdığımız büdcə ilə çıxış etmək mümkün olmadı."