UFC-nin keçmiş orta çəki döyüşçüsü Xamzat Çimayev Şon Striklendə qarşı keçirilən döyüşdə hakimlərin qərarı ilə razılaşmadığını bildirib. O, bu qarşılaşmada məğlub olmadığını düşünür və kəmər uğrunda döyüşmək istədiyini vurğulayıb.
Offsideplus.az xəbər verir ki, Çimayev açıqlamasında bunları deyib: "Striklend–İmavov döyüşünün qalibi ilə qarşılaşmaq yaxşı olardı. Kəmər üçün döyüşmək istəyirəm. Mən bir nömrəli iddiaçıyam. Hesab edirəm ki, həmin döyüşdə uduzmamışam. Heç vaxt görməmişəm ki, geri çəkilərək və yalnız cəb zərbələri ilə döyüşən biri qalib gəlsin. Hakimlər zərərin vacib olduğunu deyirdilər. O, mənə heç bir zərər vurmadı. Döyüşdən dərhal sonra zalda məşq etdim. Bilmirəm, onlar orada nəyi izləyirdilər".
Xatırladaq ki, Xamzat Çimayev sonuncu dəfə 2026-cı ilin mayında oktaqona çıxıb və UFC 328 turnirində Şon Striklendə hakimlərin bölünmüş qərarı ilə uduzub.


