Amerikalı basketbolçu Ueyd Boldvin "Fənərbaxça" ilə ilk EuroLeague titulunu qazandıqdan sonra karyera planları barədə fikirlərini bölüşüb. O, üçüncü mövsümünü Türkiyə klubunda keçirir və əsas məqsədinin yeni çempionluqlar əldə etmək olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı oyunqurucu artıq bir sıra fərdi nailiyyətlərə imza atdığını, indi isə mümkün qədər çox titul qazanmaq istədiyini deyib. Boldvin əvvəllər uyğun təklif olarsa NBA-ya qayıda biləcəyini istisna etmirdi. Lakin hazırda o, Avropada karyerasını davam etdirməyə daha çox üstünlük verdiyini vurğulayıb: "Özümü belə bir vəziyyətə gətirmişəm və indi getdikcə daha çox EuroLeague tarixinin ən yaxşı oyunqurucularından biri olmağa can atıram".