Serbiya yoldaşlıq oyununda Fransa üzərində 90:87 hesabı ilə qalib gəlib. Oyun xüsusilə sonuncu hissədə gərgin keçib və serblər az qala üstünlüyü əldən veriblər.
Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra Serbiya millisinin lideri Nikola Yokiç rəqibin heyətini və oyunun gedişatını belə dəyərləndirib: "Çox yaxşı sınaq oldu. Keyfiyyətli rəqib idi, baxmayaraq ki, onların heyətində bəzi EuroLeague və NBA oyunçuları yox idi. Xüsusilə Viktor Vembanyama və Rudi Qoberin meydana çıxdığı heyət qeyri-standart və təhlükəlidir. Onlar çox təhlükəli idilər, amma biz oyunun böyük hissəsində nəzarəti əlimizdə saxladıq, baxmayaraq ki, sonunda bir az geriləmə oldu. Ümumilikdə yaxşı oyun keçdi. Hər zaman bir az çətinliklə başlayıram. Formaya düşmək üçün bir az vaxt lazımdır. Oyun forması tam fərqli vəziyyətdir. Qısa – 5-6 dəqiqəlik – fasilələrdə maksimum güc sərf etmək tələb olunur. Oyunçular ritmə düşməlidirlər. Bunun üçün toplanışlar və bu cür oyunlar vacibdir. Ümid edirəm, İslandiya və İtaliya ilə qarşılaşmalara tam hazır olacağıq. Hər oyun mənim üçün çox önəmlidir. Yaxşı bir dostum deyib ki, yoldaşlıq oyunu olmur, sadəcə hazırlıq matçı olur. Biz lazımi vərdişləri formalaşdırırıq. Ümid edirəm, səhvlərin sayını azaldacağıq. Növbəti oyunu səbirsizliklə gözləyirəm."


