Xorvatiyalı forvard Mario Hezonja "Real Madrid"lə yollarını ayırdığını açıqlayıb. O, İspaniya nəhəngi ilə keçirdiyi dörd mövsümdən sonra klub və azarkeşlərlə səmimi şəkildə vidalaşıb.

Offsideplus.az xəbər verir ki, Hezonja vida məktubunda "Real Madrid"də keçirdiyi illəri həyatının ən dəyərli dövrlərindən biri adlandırıb. O bildirib ki, Madridə gəldiyi ilk gündən qarşısına hər şeyi qazanmaq məqsədi qoyulub və bu yolda həm komanda yoldaşları, həm də məşqçilərlə unudulmaz münasibətlər qurub. "Burada ailə kimi bir klubun yaxınlığını hiss etməyi öyrəndim. Bu, məni həqiqi qalibə çevirdi", – deyə Hezonja vurğulayıb.

O, "Real Madrid"də keçirdiyi müddətdə altı titul qazandığını, o cümlədən 2023-cü ildə EuroLeague çempionluğuna sahib çıxdığını xatırladıb. Hezonja son mövsümündə isə 2025-26 Liga Endesa-nın ən dəyərli oyunçusu seçilib.

Hezonja klub prezidenti Florentino Peresə, Alberto Herrerosa və Rudi Fernandesa təşəkkürünü bildirib. Xüsusi olaraq isə Xuan Karlos Sançesə minnətdarlıq edib və NBA-də oynamaq arzusunu reallaşdırmaq üçün ona dəstək göstərdiyini qeyd edib.

31 yaşlı forvard növbəti mövsümdən etibarən NBA-də çıxış edəcək. O, "Klivlend Kavalers"lə 1 illik, 2,8 milyon dollar dəyərində müqavilə imzalayıb. Hezonja NBA-də sonuncu dəfə 2019-20 mövsümündə "Portland Treyl Bleyzers"in heyətində çıxış edib, bundan əvvəl isə "Orlando Magic" və "Nyu-York Niks"də oynayıb.

Hezonja vida məktubunda "Ümid edirəm ki, yollarımız yenidən kəsişər. Hər zaman sizi izləyəcəyəm. Təşəkkürlər! Hala Madrid!" sözlərini də əlavə edib.