Braziliya Kubokunun 1/8 final mərhələsində keçirilən cavab oyunundan sonra "Santos"un hücumçusu Neymar ilə "Remo" rəhbərliyi arasında gərginlik yaşanıb.
Offsideplus.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Neymarın "Remo" nümayəndələrinə tərəf dəfələrlə "Eliminado!" ("Müsabiqədən kənarlaşdırıldınız!") dediyi və jestlər etdiyi görünür. Hətta bir məqamda o, nalayiq ifadə işlədib.
"Remo"nun prezidenti Antonio Karlos Teyşeyra Neymarın davranışını tənqid edərək bildirib: "Neymar nalayiq hərəkət etdi. Onu bir çox uşaq özünə idol seçir. Belə insanları kumirə çevirdiyimiz üçün özümüz günahkarıq".
"Santos" isə prezidentin Neymar barədə təhqiramiz ifadələrini və hakimlərin tərəfkeşliyinə dair eyhamları qətiyyətlə rədd edib. Klubun açıqlamasında vurğulanıb: "İdmanda tənqid qəbulolunandır, lakin şəxsi hücumlar və əsassız ittihamlar hörmət və etika sərhədini aşır. 'Santos' həmişə öz idmançılarını, tarixini və təşkilatın bütövlüyünü Braziliya futbolunun şəffaflığı və imici naminə qoruyacaq".


