Ötən gün Dənizkənarı Bulvar ərazisində baş tutan “Red Bull Car Park Drift” yarışının qalibi məlum olub.

Offsideplus.az xəbər verir ki, 16 nəfər iştirakçı arasından 20 nömrə altında yarışan avtomobilin sürücüsü Adil Axundov Milli Final mərhələsinin qalibi adına yiyələnib. O, bu ilin sonunda  25 ölkənin iştirakı ilə keçiriləcək “Red Bull Car Park Drift”in Dünya Finalında Azərbaycanı təmsil etmək üçün Səudiyyə Ərəbistanına  yola düşəcək. Həmçinin 2-ci və 3-cü yerlərdə müvafiq olaraq Pərviz Əzizov və Rauf Dadaşzadə yer alıb.

Milli Final mərhələsini qiymətləndirmək üçün Livan və Mavrikiyadan beynəlxalq münsiflər heyəti, həmçinin Bakı Marşal Klubunun hakimi iştirak edib. Məhz onların maksimum 300 xalını qazanan iştirakçı çempionatın qalibi seçilib. Həmçinin, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və Gənclər və İdman naziri Fərid Qayibov “Red Bull Car Park Drift” yarışını seyr etmək üçün tədbirdə iştirak edib. Drift həyəcanını hiss etmək üçün Gənclər və İdman naziri Fərid Qayıbov paytaxtımızda qonaq olan dünyanın ən yaxşı driftçilərindən biri,  livanlı Abdo Feqali ilə birlikdə drift edib.

 İştirakçılar yalnız driftinq bacarıqları ilə deyil maşınlarının görünüşü, səsi və təkərlərindən çıxan tüstünün həcminə əsasən də mükafatlandırılıblar.

Xatırladaq ki, “Red Bull Car Park Drift” yarışının iştirakçıları bu ilin avqust ayında müxtəlif seçim mərhələləri keçərək Livanlı drift ustası Abdo Feqalidən master-klasslar alıb.

Qeyd edək ki, “Red Bull Car Park Drift” yarışı Azərbaycan Avtomobil Federasiyası, Bakı Şəhər Halqası Əməliyyat Komitəsi və AmsOil maşın yağlarının təşkilatı dəstəyi ilə keçirilib.