Bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab matçında "Qarabağ" "Braqa"nı qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə maraq böyükdür. "Köhlən atlar" tarix yaza bilər. Bunun üçün Ağdam təmsilçisi heç-heçə, hətta minimal hesablı məğlubiyyət də sərf edir. Bu səbəbdən də Qurban Qurbanov meydana hazırlıq səviyyəsi yüksək olan futbolçuları buraxmalıdır. Ani səhvlər hər şeyi məhv edə bilər. Bəs, təcrübəli mütəxəssis hansı "11-liy"ə güvənməlidir?
Offsideplus.az olaraq "Qarabağ"ın "Braqa" qarşısında təxmini heyətini tərtib etdik...
Sözsüz ki, qapıda Andrey Lunyov dayanacaq. Rusiyalı hazırda Ağdam təmsilçisinin heyətində ən güclü qolkiperdir. Müdafiənin solunda ilk qarşılaşmada əla oyun sərgiləyən Elvin Cəfərquliyev yer alacaq. Mərkəzdə hansısa dəyişiklik ola bilər. Təbii ki, Bəhlul Mustafazadə bu görüşdə də əsas heyətdə yer alacaq. Onun yanında 3 futbolçudan biri çıxış edə bilər. Söhbət zədəsini sağaldan Kevin Medina, Bədavi Hüseynov və Mateus Silvadan gedir. Qurban Qurbanov "Braqa"nın sürətli hücumlarının qarşısını almaq üçün braziliyalıdan yana seçim edə bilər. Müdafiənin sağında isə Marko Veşoviç çıxış edəcək. Monteneqrolunun cəzası bitdi. O, bu qarşılaşmada meydana çıxa bilər. Dayaq yarımmüdafiəçisi kimi Julio Romao top qovacaq. Ondan bir qədər öndə ötən görüşün qəhramanlarından olan Marko Yanukoviç çıxış edəcək. Abdulla Zubir sol, Leandro Andrade sağ cinah vingeri kimi oynayacaq. Yassin Benzya isə pleymeykerlik edəcək. Hücumun sivri ucunda isə Olavio Juninyo yer alacaq.
Qeyd edək ki, "Qarabağ" - "Braqa" matçı saat 21:45-də start götürəcək.
İLKİN SULTANLI