Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Sevilya" bütün diqqətini La Liqaya yönəltmək qərarına gəlib.
Offsideplus.az-ın məlumatına görə, əndəlüs klubunun baş məşqçisi Xulen Lopeteqi qrupun son 3 oyununda ehtiyat qüvvəyə şans vermək niyyətindədi.
İlk 3 turda qələbə qazanan və növbəti mərhələyə vəsiqəni, demək olar ki, təmin edən "Sevilya"da çalışdırıcı əsas heyət üzvlərini La Liqa oyunları üçün qoruyacaq. Həmkarlarımız Lopeteqinin avrokubokdan arxayın olduğu və bu üzdən sıx təqvimi nəzərə alaraq, bütün diqqəti çempionat görüşlərinə yönəldəcəyini vurğulayıb.
Baş məşqçi, xüsusən də, hücum xəttində rotasiyalar edəcək. Təcrübəli mütəxəssis artıq əsas heyət üzvünə çevrilən Xavyer Ernandesi qrup mərhələsinin son 3 görüşündə oynatmayacaq. Bu isə o deməkdi ki, Çiçarito həm "Düdelanj", həm "Qarabağ", həm də APOEL-lə qarşılaşmada meydana çıxmayacaq. Lopeteqi meksikalı forvardın xidmətindən bu dönəmdə yalnız La Liqa matçlarında yararlanacaq.
Qeyd edək ki, "Sevilya" noyabrın 7-də qrupun növbəti turunda "Düdelanj"ın qonağı olacaq. Çiçarito isə ilk iki turda "Qarabağ" və APOEL-lə qarşılaşmada qol vurub. // Matc.az