Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov İzmir şəhərində Türkiyə Şahmat Federasiyasının rəhbəri Fethi Apaydınla görüşüb.
Offsideplus.az AŞF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, federasiya nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli görüşdə tərəflər arasında əlaqələrin inkişafı, mötəbər yarışların təşkilatçılığında təcrübə mübadiləsi və Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının gələcək planları barədə müzakirələr aparılıb.
AŞF rəhbəri M.Məmmədov Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydına milli ornamentlərlə bəzədilən hədiyyə təqdim edib.
Eyni zamanda Fethi Apaydın da AŞF prezidentinə xatirə hədiyyəsini verib.
Səfər zamanı M.Məmmədov 11-ci Çeşmə Beynəlxalq Şahmat turnirinin blits yarışında çıxış edərək iştirakçıları salamlayıb, ardınca isə rəmzi ilk gedişi reallaşdırıb.