Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rumıniyanı təmsil edən əslən ukraynalı Kirill Şevçenkonu 3 il müddətinə diskvalifikasiya edib.
Offsideplus.az xəbər verir ki, buna səbəb idmançının dələduzluqda ittiham olunmasıdır.
K.Şevçenko ötən il İspaniyada keçirilən klublararası çempionatda telefon vasitəsilə çiterlik etməkdə günahlandırılıb.
Belə ki, şahmatçının tez-tez yarış zalını tərk edib, tualetə getməsi şübhələr yaradıb. Tualeti yoxlayan hakimlər orada telefon və üzərinə ispanca "Əl vurma, sahibi telefonu gecə götürəcək" yazılmış kağız tapıblar. Əlyazmanın Şevçekonun xətti ilə eyni olması sübuta yetirilməsə də, o, dərhal yarışdan kənarlaşdırılıb.
İdmançı əvvəlcə bütün ittihamları rədd edib. Lakin daha sonra istintaqla əməkdaşlıq etmək qərarına gəlib.
FIDE-nin K.Şevçenkoya verdiyi cəzanın 1 ili şərtidir. O, 2026-cı il oktyabrın 18-də beynəlxalq yarışlara qayıda bilər.