FIDE may ayı üçün növbəti reytinq cədvəlini açıqlayıb və Azərbaycan şahmatçılarının dünya sıralamasındakı yeni mövqeləri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, kişilər arasında ölkəmizin ən yaxşı nəticəsinə Şəhriyar Məmmədyarov imza atıb. O, 2717 xalla siyahının 26-cı pilləsində qərarlaşıb. Onu 39-cu sırada Teymur Rəcəbov (2689), 49-cu yerdə isə əmsalını 2665-ə yüksəldən Aydın Süleymanlı izləyir.

Həmçinin ilk yüzlükdə Eltac Səfərli 70-ci (2648), Rauf Məmmədov isə 90-cı (2636) pillədə yer alıblar.

Qadın şahmatçılarımız arasında Ülviyyə Fətəliyeva 2450 xalla 25-ci sıraya yüksələrək ölkə birincisi olub. Digər təmsilçilərimizdən Günay Məmmədzadə 69-cu, Gövhər Beydullayeva 72-ci, Xanım Balacayeva isə 94-cü yerdədir.

Dünyanın ümumi reytinqinə isə dəyişməz olaraq norveçli Maqnus Karlsen və çinli Hou Yifan başçılıq edirlər.