"Yuventus" və "İnter" komandaları arasında baş tutan İtaliya Kuboku matçında qalmaqallı hadisə baş verib.

Offsideplus.az xəbər verir ki, "İnter"in baş məşqçisi Antonio Konte və "Yuventus"un prezidenti Andrea Anyelli arasında qarşıdurma olub. Belə ki, Konte fasilə zamanı Anyelliyə orta barmağını göstərib, Anyelli isə matç başa çatandan sonra "İnter"in məşqçi korpusuna tərəf söyüşlər yağdırıb.

Bildirilir ki, ilk olaraq Turin klubunun rəhbəri rəqib komandanın məşqçisini təhqir edib. Qarşıdurmaya “Yuventus”un müdafiəçisi Leonardo Bonuççi də qoşulub.

Oyundan sonra "İnter"in baş məşqçisi Antonio Konte "Yuventus"un prezidenti Andrea Anyelli ilə aralarında yaranmış münaqişəni şərh edib.

"Yuventus” həqiqəti deməlidir. Düşünürəm ki, dördüncü hakim bütün matç boyu nələrin olduğunu eşidir və görürdü. Mənim fikrimcə, onlar daha çox nəzakətli olmalıdır. Kimlər ki, işləyir onlara daha çox idman ustalığı və hörmət lazımdır”, - deyə o “RAİ 1”ə bildirib.