"Qalatasaray"ın baş məşqçisi Okan Buruk zədəli futbolçusu Mauro İkardinin durumu haqda danışıb.
Offsideplus.az xəbər verir ki, argentinalı forvardın zədəsi ciddi deyil, lakin onun şiddətli ağrıları var. Xəbərdə qeyd olunub ki, şiddətli ağrılara baxmayaraq, İkardinin az da olsa, oynamaq şansı var.
O.Buruk isə 2 gün əvvəl Superliqanın 9-cu turunda "Beşiktaş"la görüşdə (2:1) sıradan çıxan 30 yaşlı hücumçunun Çempionlar Liqasının qrup mərhəlləsinin 3-cü turunda "Bavariya"ya qarşı oynayıb-oynamayacağının hələ məlum olmadığını bildirib:
"Mauronun ağrısının hansı həddə olduğuna baxmaq lazımdır. Bizim üçün daha pis bir ssenari ola bilərdi. İkardnin durumu son məşqdə də bəlli olmaya bilər və vəziyyəti oyun günü nəzərdən keçirə bilərik. Əgər onun iynə ilə oynaması mümkündürsə, bunu dəyərləndirəcəyik".
Qeyd edək ki, "Qalatasaray" - "Bavariya" görüşü sabah İstanbulda keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Əlavə edək ki, İkardi bu mövsüm "aslanlar"la çıxdığı 15 oyunda 14 qol vurub və 2 qolun ötürməsini verib.