"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" ilə cavab oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, tanınmış futbol mütəxəssisi Yunis Hüseynov Ağdam təmsilçisinin qrup mərhələsinə vəsiqə qazanmaq şanslarını dəyərləndirib.
"Lap əvvəldən də demişəm ki, "Qarabağ" bu il Çempionlar Liqasının qrup mərhələsinə düşə biləcək. "Qarabağ" Çempionlar Liqasında oynasa yaxşıdır. Bu turnir Avropa Liqasından daha prestijlidir. Bugünkü oyunda "Qarabağ" komandasına uğurlar arzu edirəm. Bakıdakı oyunun nəticəsinə baxmayaraq, məncə, Ağdam təmsilçisi mərhələ adlaya biləcək. İlk qarşılaşmada "Qarabağ"ın imkanları çox oldu. Qol vurmaq üçün şansları var idi, lakin istifadə edə bilmədilər. Qeyd edim ki, "Qarabağ" səfərdə daha yaxşı oynayır. Rəqib komanda ev oyununa çıxdığı üçün hücuma atılıb, qol vurmaq axtarışında olacaq. "Viktoriya" açıq oyun sərgiləsə, təmsilçimiz bundan istifadə edə bilər. Əks-hücumda sürətli oyunçuları var, onlardan mükəmməl şəkildə istifadə edirlər. Buna görə, düşünürəm ki, "Qarabağ" komandası bu gün qrup mərhələsinə vəsiqə qazanacaq".
Qeyd edək ki, "Viktoriya" - "Qarabağ" matçı bu gün saat 23:00-da start götürəcək.