"Çelsi" klubunun baş məşqçisi Tomas Tuxel ötən gecə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində səfərdə Madrid "Atletiko"suna qalib gəldikləri matçdan (0:1) sonra görüşdə yeganə və fantastik qolun müəllifi Olivye Jirunun ünvanına tərif yağdırıb.
Offsideplus.az xəbər verir ki, "Sky Sports" nəşrinə danışan 47 yaşlı alman mütəxəssis fransalı hücumçunun olduqca yaxşı formada olduğunu bildirib:
"Jirunu hər gün məşqdə görürsənsə, vurduğu qola təəccüblənə bilməzsən. Tamamilə sağlamdır, formadadır və fiziki cəhətdən ən yüksək səviyyədədir. Bu səviyyədə peşəkar futbolçu ilə çalışmaqdan zövq alıram. Məşqlərdə 20 yaşlı gənc kimi məşq edir. Ciddiyyəti və zarafatı özündə birləşdirən oğlandır. Həmişə müsbət auradadır və bu, komanda üçün böyük bir amildir".
Qeyd edək ki, 34 yaşlı forvard matçın 68-ci dəqiqəsində akrobatik zərbə ilə fərqlənib.