"Adətən futbolda qolları, ümumi nəticələri yazırlar, təfərrüatlara varmırlar. Mən sizə 0:10 hesabı ilə uduzmağımızın səbəblərini ətraflı izah edə bilərəm". 

Bu sözləri Offsideplus.az saytına açıqlamasında Əvəzedicilər Liqasında yarışan "Şamaxı-2" komandasının baş məşqçisi Məqsəd Yaqubəliyev deyib.

Onun rəhbərlik etdiyi komanda aprelin 12-də çempionatın XXX turu çərçivəsində "Sumqayıt"la qarşılaşmada qapısından 10 cavabsız top buraxıb. Təcrübəli çalışdırıcı məğlubiyyətin səbəblərini heyətin kasadlığı və təqvimin sıxlığı ilə əlaqələndirib: "Bizim əvəzedicilər və U-19 komandamızın heyəti eynidir. Sayımız məhduddur. Komandanı tələsik yığmışıq. Yüksək ustalıq səviyyəsinə malik oyunçuları tapmağa çətinlik çəkmişik. Qışda 12 futbolçu ilə yollarımız ayrılıb. Belə kollektivlərin ən əsas "silahı" mübarizlik olur. Təqvimə əsasən, aprelin 8-də "Şamaxı-2" Əvəzedicilər Liqasının lideri "Neftçi" ilə oynadı, 0:0 hesablı nəticəyə nail olduq. Aprelin 10-da U-19 komandamız səfərdə "Sumqayıt"la görüşdü. İsinmə hərəkətləri zamanı güclü külək, yağış başladı. 3 futbolçumuz əzələsini dartdı. 16-17 yaşlı uşaqlar komandaya kömək etdilər. Cəmi 2 gün sonra, aprelin 12-də U-19 "Neftçi" ilə üz-üzə gəldi. Oyunu bir neçə gün sonraya təxirə salmaq istəsək də, mümkün olmadı. Çox ağır oyun keçdi. Matç 1:1 hesabı ilə başa çatdı, oyunun sonlarında qırmızı vərəqə aldıq. Ertəsi günü isə əvəzedicilər "Sumqayıt"la mübarizə aparmalı idi".

"Şamaxı-2"nin baş məşqçisi sumqayıtlılarla görüşü belə şərh edib: "Oyunda ilk real qol epizodunu biz yaratdıq, top dirəyə dəydi. Ardınca "Sumqayıt"ın birinci ciddi hücumu qolla nəticələndi. Rəqibin ikinci həmləsi zamanı yenə gözlənilməz qol buraxdıq. Hətta qarşılaşmanın 21-ci dəqiqəsində, hesab 0:2 olarkən, birdən-birə 3 dəyişiklik etdik. Ancaq oyunun gedişinə təsir göstərə bilmədik. "Sumqayıt"ın demək olar, hər hücumu qol olurdu. Rəqib ardıcıl qollar vurduqca, futbolçularımda inamsızlıq yarandı, komanda "söndü". Təsəvvür edin ki, 90-cı dəqiqədə ən adi epizodda qol buraxdıq. Oyundan sonra futbolçularla söhbət edirəm, axırıncı qol epizodunda müdafiədə yer alan futbolçu deyir ki, "Sumqayıt"ın hücumu zamanı sanki şokda idim. Bəli, bir komandanın demək olar, bütün hücumlarının qolla nəticələnməsinə futbolda nadir hallarda rast gəlinir".

M.Yaqubəliyev vurğulayıb ki, məğlubiyyətə baxmayaraq, başlıca məqsədin əsas komandaya futbolçu hazırlamaqdır: "Şamaxı"nın bir sirrini açım. Əvəzedici komandada 12-13 nəfərik daimi heyət var. Onların 8-9 nəfəri həm də U-19-da çıxış edə bilər. U-19-un daimi oyunçularının sayı isə 8-ə bərabərdir ki, bunlardan da 6-sı əsas heyətdə meydançaya çıxmalıdır. 2006-cı il təvəllüdlü 4 futbolçu sabah "Şamaxı"nın əsas komandasının məşqləriinə qatılacaq. Bu o deməkdir ki, həmin futbolçular həftəsonu U-19-un heyətində çempionatda iştirak edə bilməyəcək. Bizim məqsədimiz belə gənc, perspektivli futbolçuların əsas və əvəzedicilərdən ibarət komandada daha tez-tez yer almasıdır. Bu, futbolçuların inkişafına xidmət edir. Biz U-19 və ya əvəzedicilərin çempionatında nəticəyə oynamırıq. Əsas komandaya görə bir komandanın nəticəsini qurban verməyə hazırıq. Bəzən güclü rəqibə qalıb gəlib, zəifə uduzurq. Təəssüf ki, bu, kənardan birmənalı yozulmur. Ancaq əsas məqsədimiz dəyişməz qalır: gənclərin inkşafı".