Azərbaycanın sərbəst güləşçisi Əli Tsokayev dünya çempionatındakı çıxışı, yarımfinal görüşündəki məğlubiyyəti və gələcək planları barədə danışıb.

Offsideplus.az xəbər verir ki, güləşçi azarkeşlərə dəstəyə görə təşəkkür edib və əsas hədəfinin Avropa çempionatında olduğu kimi dünya çempionatında da qızıl medal qazanmaq olduğunu bildirib:

“Salam, Azərbaycan. Azarkeşlik edən, dəstəkləyən hər kəsə təşəkkür edirəm. Avropa çempionatında olduğu kimi qızıl medal qazanmaq istəyirdim. Lakin alınmadı. Təcrübəm kifayət etmədi. Bu, mənim böyüklər arasında dünya çempionatında ilk çıxışımdır. Növbəti dəfə Azərbaycan millisi adına qızıl medal qazanmağa çalışacağam.

Yarımfinal qarşılaşmasının əvvəlində pis alınmırdı. Ancaq ardınca rəqib səhvlərimdən istifadə etdi. Həmçinin təcrübəm də yetərli olmadı”, – deyə o bildirib.

Tsokayev komanda yoldaşlarının bürünc medal uğrunda görüşlərdəki məğlubiyyətlərinin ona psixoloji təsir etdiyini də etiraf edib:

“Məndən öncə bürünc medal uğrunda mübarizə aparan güləşçilərimizin məğlubiyyətlərindən sonra bir qədər gərgin idim. Medalımız az idi, qızıl medal isə ümumiyyətlə qazana bilmədik. Ona görə Azərbaycan millisinin hesabına bürünc medal qazandırmaq istəyirdim.

Düzünü desəm, həm məşqçilər, həm də mən özümdən qızıl gözləyirdik. Düşünürəm ki, bu, bürüncün qazanılmasından daha çox itirilən qızıl medaldır”, – deyə güləşçi vurğulayıb.

O, gələcək planlarından da danışaraq növbəti ildən 97 kiloqram çəki dərəcəsində çıxış etməyi hədəflədiyini açıqlayıb:

“Növbəti il üçün 97 kiloqramda mübarizə aparmağı hədəfləyirəm. Hazırda hətta 92 kiloqram üçün də çəkim tam yetərli deyil. Odur ki, tədricən çəkimi artırmağı planlayıram”, – deyə Əli Tsokayev əlavə edib.