FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina Azərbaycanda keçirilmiş U-15 dünya çempionatı və festivalında hakimliyin yüksək səviyyədə təşkilinə görə AFFA-nın baş katibi Cahangir Fərəcullayevə təşəkkür məktubu ünvanlayıb.
Offsideplus.az xəbər verir ki, məktubda yarışda hakimliyin yüksək standartlara uyğun təşkil edilməsi və oyunların peşəkar idarə olunması xüsusi vurğulanıb:
"Belə mühüm tədbirin uğurla həyata keçirilməsi yalnız peşəkar hazırlıq, yüksək təşkilatçılıq bacarığı və fədakar komanda işi sayəsində mümkün olub. Bu baxımdan AFFA-nın Hakimlər Komitəsi və Hakimlər Departamentinin göstərdiyi səyləri xüsusi qeyd etmək istəyirik".
P. Kollina oyunların idarə olunmasında iştirak edən bütün AFFA əməkdaşlarına, xüsusilə də azərbaycanlı hakim heyətinə təşəkkürünü bildirib.
Qeyd edək ki, turnirin matçlarını 86 hakim idarə edib. Onlardan 80-i azərbaycanlı, 6-sı isə Türkiyə və Gürcüstandan dəvət olunmuş mütəxəssislər olub.


