Azərbaycan Güləş Federasiyasının rəhbərliyi və məşqçi heyəti sərbəst güləş üzrə dünya çempionatındakı nəticələri müzakirə edib.
Offsideplus.az xəbər verir ki, Xetaq Qazyumov qeyd edib ki, görüşdən dərhal sonra federasiya rəhbərliyi ilə söhbət aparılıb və məşqçi heyəti komandanın çıxışı ilə bağlı tənqidlərlə razılaşıb:
“Düşünürəm ki, federasiyanın bizə yaratdığı şərait, il ərzində keçdiyimiz təlim-məşq prosesinin nəticəsi bu olmalı deyil. Biz daha yaxşı nəticələrə və daha yaxşı mükafatlara, qızıl medala ümid edirdik. Bəzi güləşçilərimiz onlardan gözlənilən keyfiyyəti göstərmədilər. Bu, bürünc medal uğrunda görüşlərə də aiddir. Komandamız pis hazırlaşmamışdı, lakin özümüzü tam şəkildə sübut edə bilmədik. Təbii ki, bu nəticələrə görə kimsə məsuliyyəti üzərinə götürməlidir. Mən bu məsuliyyəti öz üzərimə götürərək azərbaycanlı idmansevərlər qarşısında üzr istəyirəm və söz verirəm ki, bu vəziyyəti dəyişmək üçün lazım olan hər şeyi edəcəyik”, – deyə o bildirib.
Qazyumov qeyd edib ki, uzun müddət özünü doğrultmayan idmançılar heyətdən kənarlaşdırılacaq və seçim zamanı gənc güləşçilərə üstünlük veriləcək:
“Bizim hər çəkidə ölkə çempionatının qalibi olan, beynəlxalq təsnifat yarışlarında özünü sübut edən güləşçilərimiz var. Dünya birinciliyindəki idmançılar hazırda öz çəkiləri üzrə ölkənin ən yaxşılarıdır. Əlbəttə, biz təcrübəli idmançılarımızın bəzilərinə bir daha şans verdik, ancaq artıq uzun müddət ərzində özünü doğrultmayan idmançıları heyətdən kənarlaşdıracağıq və hətta uduzsalar belə, seçimi gənc idmançılara üstünlük verməklə edəcəyik. Bizim üçün vacibdir ki, idmançılar sona qədər mübarizə aparsınlar və bəzi güləşçilər bu mənada özlərini çox pis göstərdilər”, – deyə Qazyumov vurğulayıb.
O, güləşçilərin xalça üzərindəki çıxışlarına görə özlərinin məsuliyyət daşıdıqlarını da diqqətə çatdırıb.
“Biz özümüzdən asılı olan hər şeyi etdik, lakin xalçaya güləşçilər çıxırlar və onlar özlərinə görə cavabdehdirlər. Bəlkə də, bəzi hallarda biz doğru yanaşma tapa bilmədik, lakin hər bir halda güləşçi sona qədər mübarizə aparmalıdır”, – deyə mütəxəssis bildirib.
Qazyumov sərbəst güləş üzrə dünya çempionu yetişdirilməsinin vacibliyini xüsusi qeyd edib:
“Artıq uzun müddətdir ki, bizdə sərbəst güləş üzrə dünya çempionu yoxdur. Medallara baxdıqda nəticəmizi yaxşılaşdırdıq, ancaq biz maksimalist olmalı və qızıl medalları qazanmalıyıq. Buraya qızıl medal qazanmağa gəlmişik. Hərçənd özünüzün də gördüyünüz kimi, rəqabət çox güclüdür. Çempion xarakterli və çempion kimi mübarizə aparan güləşçilərə ehtiyacımız var”.
O, növbəti il üçün heyətdə çəki dəyişikliklərinin də planlaşdırıldığını açıqlayıb:
“Növbəti il üçün Əli Tsokayevi 97 kiloqrama, Kənan Heybətovu isə 74 kiloqrama keçirmək planlarımız var. Nurəddin Novruzovun çəki dərəcəsi haqqında da düşünəcəyik. Artıq planları Olimpiya Oyunlarına hazırlaşmaq yönündə quracağıq”, – deyə Xetaq Qazyumov əlavə edib.


