Azərbaycan millisinin Türkiyənin "Bursaspor" klubunda çıxış edən üzvü Namik Ələskərov haqda yeni iddia yayılıb.

Türkiyənin bir sıra mətbu orqanları Super Liqa təmsilçisi "Sivasspor"un 27 yaşlı yarımmüdafiəçi ilə maraqlandığını yazıb.

Məlumata görə, "Bursaspor" Türkiyə 1-ci liqasını tərk etsə, Namiklə müqavilə avtomatik olaraq ləğv ediləcək. Ələskərovun özünün də Türkiyədə qalmaq istədiyi qeyd olunub.

Mövzuyla bağlı Azərbaycanın tanınmış futbol meneceri Vaqif Heydərliyə müraciət etməyi lazım bildik. O, Offsideplus.az-a açıqlamasında nə özü, nə də Namikdə rəsmi təklif barədə informasiyanın olduğunu söylədi:

"Mətbuatda yayılan xəbərlərdən agahıq. Lakin məndə və Namikdə rəsmi təklif barədə heç bir məlumat yoxdur. O, hazırda "Bursaspor"un futbolçusudur və komandasıyla müqaviləsi var".

Xatırladaq ki, Namik ötən ildən "Bursaspor"da çıxış edir. O, hazırda 6 qolla "timsahlar"ın ən sərrast futbolçusudur. 

Daşqın Əziz