"Qalatasaray"ın "Ankaragücü"nə məğlub olması (1:2) "Beşiktaş" cəbhəsində coşqu ilə qarşılandı.
"Qara qartal" üçün çempionluq yolundakı əsas rəqiblərindən birinin büdrəməsi yerinə düşdü. İndi çoxları Sergen Yalçının çalışdırdığı komandanın mövsümü "qızıl"la başa vuracağını təxmin edir ki, bu da başadüşüləndir.
Offsideplus.az xəbər verir ki, sonuncu dəfə "Trabzonspor"a uduzan "Beşiktaş" son 5 oyunda məğlub olmayıb. "Antalyaspor"la heç-heçə oynayıb, son 4 görüşdə isə "Konyaspor", "Gençlerbirliyi", "Denizlispor" və "Yeni Malatyaspor"u udub. 4 qarşılaşmada üst-üstə qazanılan 12 vacib xal.
Üstəlik, son 4 oyunun heç birində qapısından top da buraxmayıb ki, bu da çempionatın qızğın vaxtında yaxşı göstəricidir.
Ölkə kubokunda da mübrizəni davam etdirən "ağ-qaralar" finala yüksəlməyi, yekunda mövsümü "qızıl dubl"la başa vurmağı hədəf seçib.
Hücum xəttindəki aktivlik də diqqətdən qaçmır. Abubakarla Larin hərəyə 13 olmaqla rəqib qapılarından ümumilikdə 26 top keçirib. Cütlüyün hesabında 7 məhsuldar ötürmə də var.