Türkiyə Superliqasında 16-cı turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, "Qalatasaray" doğma meydanda "Antalyaspor"u qəbul edib. Qolsuz bərabərliklə başa çatan oyunda "Cim-Bom" xal itirərək liderliyi əldən verib. 30 xal yığan "Alanyaspor" qol üstünlüyü ilə liderliyə yüksəlib. 

Oyunun gedişatında isə Radamel Falkao şoku yaşanıb. İki aydır zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan oyunçu dünənki matçda çıxış edib. İkinci hissədə oyuna daxil olan kolumbiyalı hücumçu 75-ci dəqiqədə zədələnərək yerini Sekidikaya buraxıb. Falkanonun vəziyyəti müayinələrdən sonra aydınlaşacaq.

Bundan əlavə, Emre Kılınc 51-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb. Oyun zamanı sarı vərəqə alan Markao mövsümdə 4-cü vərəqəsini alaraq cəzalı duruma düşüb. Hər iki futbolçu "Konyaspor"la matçı buraxacaq.