Qış fasiləsi yaxınlaşır deyə, "Qalatasaray" transfer çalışmalarına start verib.
Rəhbərlik adları Fatih Terimin siyahısında olan futbolçuların yanvarda komandaya cəlb etməyə çalışır. Fasilə dövründə Luyindama ilə Markaodan biri mütləq satılacaq. Gedəcək futbolçunun əvəzinə mütləq bir stopper alınmalıdır.
Offsideplus.az xəbər verir ki, Terimin israrla sərəncamında görmək istədiyi ad Stiven Kolkerdir. "Alanyaspor"da möhtəşəm performans sərgiləyən ingilis müdafiəçi kifayət qədər inamlı təsir bağışlayır. Lider "Alanyaspor"un çempionatda ən az qol buraxan komanda olmasında Kolkerin rolu böyükdür. 2012-ci ildə İngiltərə millisinin formasını geyinmiş, 2016-cı ildə "Liverpul"da 3 oyuna çıxmış ucaboy müdafiəçi cari mövsümdə "Alanyaspor"da 11 oyunun iştirakçısı olmaqla 2 qol vurub və 1 məhsuldar ötürməyə imzasını yazdırıb. Bir sözlə, müdafiə ilə yanaşı hücum xəttinə də kömək etməyi bacarır.
Kolkerin "Alanyaspor"la anlaşma müddəti yayda başa çatacaq. Odur ki, "Qalatasaray" qış fasiləsində kluba müəyyən məbləğ ödəməklə ingilisi ələ keçirmək niyyətindədir.