Premyer Liqanın iddialı klublarından olan "Arsenal" hücum xəttini gücləndirmək istiqamətində yay transfer pəncərəsinin növbəti mühüm gedişini reallaşdırıb.
Offsideplus.az xəbər verir ki, London təmsilçisi Yunanıstan millisinin və "Klub Brügge"nin ulduz cinah oyunçusu Xristos Tzolisin transferi barədə tam razılıq əldə edib.
Klublar arasında 40 milyon avro dəyərində rəsmi müqavilə imzalanıb. "Klub Brügge" 24 yaşlı futbolçuya tibbi müayinədən keçmək üçün rəsmi icazə verib.
Mikel Arteta üçün yeni ulduz rolunu oynayacaq Xristos Tzolis digər klublardan gələn təklifləri geri çevirərək yalnız "Arsenal"da oynamaq istədiyini bildirib. Onun bu qətiyyətli mövqeyi transferin sürətlənməsində böyük rol oynayıb.
"Arsenal" rəhbərliyi təkcə Tzolis ilə kifayətlənmək niyyətində deyil. "Topçular" heyəti daha da gücləndirmək üçün səhnə arxasında Morqan Rocersin transferi üzərində də gərgin iş aparırlar.
Xristos Tzolis yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra rəsmi olaraq "Arsenal"ın heyətinə qoşulacaq.


