2026-cı il Dünya Çempionatının final həyəcanı yaşandığı bir vaxtda, futbolun ali idarəedici qurumu olan FİFA növbəti böyük hüquqi zərbəni alıb.

Offsideplus.az xəbər verir ki, Almaniyanın Frankfurt regional məhkəməsi FİFA-nın rəsmi bilet satışı platformasında tətbiq etdiyi "manipulyativ proseslərə" görə təşkilata qarşı təcili müvəqqəti qadağa qərarı çıxarıb.

Ən maraqlısı isə odur ki, FİFA nümayəndələri Frankfurtda keçirilən məhkəmə iclasına ümumiyyətlə gəlməyiblər və özlərini müdafiə etməkdən imtina ediblər.

Almaniyanın bilet satışı portalı "Ticombo" tərəfindən qaldırılan iddiada FİFA-nın rəsmi təkrar bilet satışı platformasında istehlakçı hüquqlarını kobud şəkildə pozduğu sübuta yetirilib. Məhkəmənin qərarına əsasən, FİFA aşağıdakı manipulyativ üsullardan istifadə etməkdə təqsirli bilinib:

  • Gizli satıcı şəxsiyyəti: FİFA kommersiya məqsədilə bilet satan peşəkar spekulyantların (alqı-satqı ilə məşğul olanların) adlarını və ünvanlarını alıcılardan gizlədib, bununla da azarkeşlərin süni şəkildə şişirdilmiş qiymətlərə bilet almasına şərait yaradıb.

  • Süni təzyiq taymerləri: Alıcılara bilet alışı zamanı sıfırlanmayan, aqressiv 6 dəqiqəlik geri sayım vaxtı qoyularaq onların tələsik qərar vermələrinə psixoloji təzyiq göstərilib.

  • "Bait-and-switch" (Yemləmə və Dəyişmə): Ödəniş səhifəsinə keçid zamanı bilet qiymətlərinin ilkin göstərilən məbləğdən qəfildən kəskin dərəcədə bahalaşması faktı aşkar edilib.

  • Ən baha yerlərin avtomatik seçilməsi: Sistem avtomatik olaraq "ən yaxşı yer" adı altında alıcılara ən bahalı biletləri təqdim edib, seçim imkanını məhdudlaşdırıb.

Məhkəmə FİFA-ya dərhal kommersiya satıcılarının kimliyini və ünvanını alıcılara bildirməyi, əks təqdirdə hər qayda pozuntusuna görə 250,000 avroya qədər cərimə və ya FİFA rəsmiləri (başda prezident Canni İnfantino olmaqla) üçün 6 aya qədər həbs cəzası tətbiq edilə biləcəyini elan edib.

FİFA-nın Frankfurt regional məhkəməsinə gəlməməsi idman hüquqşünasları tərəfindən etinasızlıq və ya hüquqi cavab hazırlaya bilməmək kimi qiymətləndirilir. Təşkilat biletlərin təkrar satışından həm alıcıdan, həm də satıcıdan 15% (ümumilikdə 30%) komissiya tutaraq bir bilet üzərindən dəfələrlə milyonlarla dollar gəlir əldə etdiyi üçün bu sahədəki qeyri-şəffaflığı qorumağa çalışır.

Almaniya məhkəməsinin qərarı yalnız Almaniya ərazisində hüquqi qüvvəyə malikdir. İyulun 19-da Nyu-Cersidə keçiriləcək İspaniya - Argentina final oyununun bilet satışlarına birbaşa zərbə vurması gözlənilmir. Lakin iddianı qaldıran "Ticombo" şirkəti növbəti addım kimi FİFA-nın baş qərargahının yerləşdiyi İsveçrədə və digər Avropa ölkələrində də məhkəmə proseslərinə başlayacağını bəyan edib.