2026-cı il Dünya Çempionatının final qarşılaşması təkcə idman baxımından deyil, həm də siyasi arenada böyük səs-küyə səbəb olacaq.

Offsideplus.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın iyulun 19-da Nyu-Cersidəki "MetLife" stadionunda keçiriləcək İspaniya - Argentina final matçını tribunadan canlı izləyəcəyi rəsmən təsdiqlənib.

Ağ Evə yaxın mənbələrin məlumatına görə, Prezident Tramp təkcə sadə bir azarkeş kimi oyunu izləməklə kifayətlənməyəcək. Onun matçın sonunda baş tutacaq rəsmi mükafatlandırma və kubokun təqdimetmə mərasimində birbaşa iştirak edəcəyi gözlənilir.

Donald Trampın bu addımı futbol ictimaiyyəti üçün gözlənilməz deyil. O, daha əvvəl keçirilən Klublararası Dünya Çempionatının (Club World Cup) finalında da bənzər şəkildə fəxri kürsüyə qalxaraq qalib komandaya kubokun təqdim edilməsi prosesində aktiv rol oynamışdı. FİFA-nın mövcud rəhbərliyi ilə sıx əlaqələri olan Trampın bu jesti, ABŞ-nin ev sahibliyi etdiyi bu möhtəşəm turnirin final akkorduna xüsusi bir siyasi çəki qatacaq.

Təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyəyə çatdırıldığı Nyu-Cersidə rəsmi protokola əsasən Donald Trampın FİFA prezidenti Canni İnfantino ilə birlikdə yeni dünya çempionuna kuboku təqdim edəcəyi an bütün planet tərəfindən canlı izləniləcək.