"Mançester Siti" klubu "Kristal Pəlas" klubunun kapitanı Mark Gehinin transferini rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, İngiltərə millisinin müdafiəçisi üçün “şəhərlilər” 20 milyon funt sterlinq (23 milyon avro) ödəyib.

Avropanın bir sıra aparıcı klublarının maraq dairəsində olan Gehi ötən yay "Liverpul"a keçməyə yaxın olsa da, transfer baş tutmamışdı. 24 yaşlı futbolçunun "Kristal Pəlas"la müqaviləsi mövsümün sonunda başa çatırdı.

Mark Gehi bazar günü tibbi baxışdan keçib, şəxsi şərtlər üzrə razılıq əldə edildikdən sonra 5 mövsüm yarımlıq müqaviləyə imza atıb.

"Çelsi" akademiyasının yetirməsi olan müdafiəçi 2021-ci ildə "Suonsi"dən "Kristal Pəlas"a transfer olunub və bu müddət ərzində klubun heyətində 188 oyuna çıxıb. Onun cari mövsümdəki 33 matçı, komandanın tarixində ilk dəfə iştirak etdiyi Konfrans Liqası ilə əlamətdar olub.

Bu transfer "Mançester Siti"nin 9 yanvar tarixində "Bornmut"dan 62,5 milyon funt qarşılığında Antuan Semenyonu heyətinə qatmasından sonra qış transfer pəncərəsindəki növbəti gedişi kimi qiymətləndirilir.

Mark Gehi transferdən sonra açıqlamasında bildirib:

“Mançester Siti" futbolçusu olmaqdan həqiqətən çox xoşbəxt və qürurluyam. Bu keçid karyeram boyu göstərdiyim zəhmətin nəticəsidir. İngiltərənin ən yaxşı klubunda, möhtəşəm futbolçularla bir komandada olmaq çox gözəl hissdir”.