“Hər klubun qış fasiləsinə öz yanaşması var”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

Mütəxəssis Misli Premyer Liqası təmsilçilərinin qış fasiləsində hazırlığını dəyərləndirib:

“Komandalarımızın qış hazırlığı artıq neçə ildir ki, qısa müddətli olur. Ona görə də klublarımız həmin vaxtdan səmərəli istifadə etməyə çalışırlar. Bu fasilədə də bəzi klublar Bakıda qaldı, bəziləri Antalyaya getdi, “Neftçi” isə Abu-Dabiyə yollandı.

Bu fasilə xüsusilə də baş məşqçisi yeni olan klublar üçün əlverişlidir. Onlar komandaya yaxından bələd olmaq və öz oyun üslublarını futbolçulara aşılamaq baxımından vaxt qazandılar”.

Mütəxəssis qış transfer pəncərəsində də klublarımızın aktiv olduğunu vurğulayıb: “Eyni zamanda bəzi komandalar transfer pəncərəsindən istifadə edərək heyətlərini yeni oyunçularla gücləndirdilər. Bu baxımdan daha aktiv olan klublar sırasında “Qəbələ” və “Kəpəz”i qeyd etmək olar.

Bəzi klublar isə transfer limiti dolduğu üçün “Karvan-Yevlax” kimi yerli bazara üz tutdu. “Qarabağ”ın isə hər zaman olduğu kimi, özünəməxsus hazırlıq planı var. Komanda  daha çox “Ayntraxt”la matça kökləndiyi üçün oyun praktikasını artırmağa və formanın yaxşılaşdırılmasına yönəlmiş yoldaşlıq görüşləri keçirir.

Burada əsas məqsəd qısa fasilədən maksimum yararlanaraq çatışmayan cəhətləri aradan qaldırmaqdır. Yoxlama oyunlarının nəticələri o qədər də önəmli olmasa da, keyfiyyət və oyun planının təkmilləşdirilməsi baxımından vacibdir.

Klubların bu fasilədən necə istifadə etməsini yalnız çempionat başlayandan sonra görə biləcəyik”.

Qeyd edək ki, qış fasiləsindən sonra çempionat oyunlarına yanvarın 23-ü start veriləcək.