“Qarabağ”ın Antalyada keçirdiyi yoldaşlıq oyunlarının nəticələrinə əsasən demək olar ki, komandada hər şey qaydasındadır”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında Ağdam klubunun sabiq kapitanı Maksim Medvedev deyib.
O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda keçiriləcək "Qarabağ" - "Ayntraxt" oyunu haqqında fikirlərini bölüşüb: “Komanda qısa müddət ərzində öz əvvəlki performansını bərpa edə bilir və artıq önəmli matçlara hazır vəziyyətdədir. Mətbuatda “Ayntraxt”da məşqçi dəyişikliyinə dair xəbərlər oxuyuruq. Lakin meydançada bu dəyişiklik elə də açıq şəkildə hiss olunmur. Əksinə, adətən yeni məşqçi gəldikdə futbolçular özlərini göstərmək üçün daha yaxşı oynamağa başlayırlar”.
Medvedev “Ayntraxt”ın zəif rəqib olmadığını vurğulayıb: “Təcrübəyə gəldikdə isə “Qarabağ”ın kifayət qədər təcrübəsi var. “Ayntraxt”ın da daim Avropada səsi gəlir.
Ümumilikdə şansları 50/50 qiymətləndirmək olar. Baxmayaraq ki, oyunu doğma meydançamızda keçirəcəyik, yenə də komandamız maksimum səviyyədə çalışmalı, özünü yaxşı tərəfdən göstərməli və verilən tapşırıqları dəqiq yerinə yetirməlidir.
Çox diqqətli olmaq lazımdır, çünki bu, tamam fərqli səviyyədə bir oyundur. Ümid edirəm ki, “Qarabağ” oyunu yaxşı nəticə ilə başa vuracaq. “Ayntraxt”ı məğlub etmək üçün kifayət qədər potensialımız var. Uşaqlara inanıram”.
Qeyd edək ki, “Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


