"Paris Sen-Jermen"in baş məşqçisi Luis Enrike növbəti dəfə qalmaqalın mərkəzinə düşüb.
Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis bir neçə futbolçu və tanınmış agent tərəfindən bütün diqqəti yalnız öz üzərinə çəkməyə çalışmaqda ittiham olunur.
"Netflix" platformasının "Paris Sen-Jermen" haqqında hazırladığı sənədli filmin çəkilişlərinin niyə dayandırıldığına dair yeni detallar üzə çıxıb. Filmin prodüseri vəziyyəti bu cür izah edib:
"Luis Enrike özünü necə reklam edəcəyini çox yaxşı bilir. O, artıq özü haqqında ayrıca sənədli film çəkdirib və indi bütün diqqətin yalnız onda olmasını istəməkdə günahlandırılır."
Məlumata görə, Enrike klub daxilindəki real problemləri, oyunçuların hiss etdiyi yüksək təzyiqi və komandanın daxili həyatını dərindən əks etdirən bir layihənin uğurlu olmasını çətin hesab edir. O, kameranın oyunçuların şəxsi həyatına və klubun daxili sirlərinə çox yaxınlaşmasının tərəfdarı deyil.
Agentlər və bəzi futbolçular isə iddia edirlər ki, baş məşqçi klubun uğurlarını və hekayəsini yalnız öz "şousuna" çevirmək niyyətindədir. Bu səbəbdən də "Netflix" layihəsi qeyri-müəyyən müddətə dondurulub.
Hazırda "Paris Sen-Jermen" rəhbərliyinin bu gərginliyə necə reaksiya verəcəyi maraqla gözlənilir.


