Dünya futbolunun əfsanəsi Kriştiano Ronaldonun bu yay keçiriləcək Dünya Çempionatındakı ilk matçı indidən tarixə düşüb.
Offsideplus.az xəbər verir ki, lakin bu dəfə söhbət meydandakı qollardan deyil, tribunadakı astronomik rəqəmlərdən gedir. Portuqaliya millisinin Konqo DR seçməsinə qarşı keçirəcəyi qarşılaşma üçün müəyyən edilən bilet qiymətləri görənləri heyrətə gətirir.
ABŞ-nin ev sahibliyi etdiyi turnirə olan maraq, xüsusilə Ronaldonun böyük ehtimalla sonuncu Dünya Çempionatı olması bilet bazarında "partlayış" yaradıb. Satış platformalarından əldə edilən son məlumatlara görə, qiymətlər aşağıdakı kimidir:
- Ən ucuz bilet: 587 dollar (təxminən 1000 AZN)
- Ən bahalı (VIP) bilet: 33,120 dollar (təxminən 56,300 AZN)
Biletlərin bu qədər baha olması futbol ictimaiyyətində böyük müzakirələrə yol açıb. Bir çox azarkeş bu qiymətləri "soyğunçuluq" adlandıraraq, futbolun sıravi insanlar üçün əlçatmaz hala gəlməsindən şikayətlənir. Müqayisə üçün qeyd edək ki, ən bahalı biletin qiymətinə bir çox ölkədə yeni avtomobil və ya daşınmaz əmlak almaq mümkündür.
"Ronaldo faktoru biletləri qızıl qiymətinə qaldırıb. Bu, artıq idman tədbirindən çox, elit bir şouya çevrilib," – deyə xarici ekspertlər vəziyyəti şərh edirlər.


