İtaliya futbolunun canlı əfsanəsi və "Milan" klubunun ikonik kapitanı Paolo Maldini İtaliya millisinin ardıcıl üçüncü dəfə Dünya Çempionatından kənarda qalmasını futbol tarixinin ən böyük rüsvayçılıqlarından biri kimi qiymətləndirib.
Offsideplus.az xəbər verir ki, Maldini İtaliya formasının ağırlığını və daşıdığı tarixi məsuliyyəti xatırladaraq, hazırkı vəziyyəti "faciəvi" adlandırıb:
"İtaliya formasını geyindiyinizdə; tarixi, məsuliyyəti və qüruru daşıyırsınız. Bu, sıradan bir milli komanda deyil, futbolun ən böyüklərindən biridir. Bir Dünya Çempionatını qaçırmaq xəbərdarlıqdır, ikincisi böhrandır, üçüncüsü isə tam anlamıyla bir çöküşdür."
Öz dövrünün futbol anlayışı ilə indiki nəsli müqayisə edən əfsanəvi müdafiəçi əsas problemin texnikada deyil, xarakterdə olduğunu vurğulayıb:
"Bizim dövrümüzdə istedad vacib idi, amma əsas məsələ zehniyyət idi. İntizam, fədakarlıq və gerbə hörmət müzakirə olunmazdı. Bu gün o aclığı görmürəm. O forma üçün hər şeyini verəcək oyunçular yoxdur."
Maldini millinin son uğursuzluqlarını, xüsusən də Bosniya və Herseqovinaya qarşı alınan məğlubiyyəti sadə bir hesab fərqi kimi görmədiyini bildirib. Onun fikrincə, bu nəticələr daha dərin bir "kimlik itkisi"nin göstəricisidir:
"Bosniyaya uduzmaq sadəcə bir hesab deyil, daha böyük bir problemin təzahürüdür. Kimlik yoxdursa, qürur yoxdursa, məsuliyyət yoxdursa... İtaliya artıq İtaliya deyildir."
İtaliya mətbuatı Maldininin bu sözlərini futbol federasiyasına və gənc oyunçulara ünvanlanmış "son xəbərdarlıq" kimi təqdim edib. Karyerası boyunca "Milan" formasını rekord sayda geyinmiş Maldininin bu tənqidləri ölkədə geniş müzakirələrə yol açıb.


