“Hazırlığım çox yaxşı gedir”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycanın MMA döyüşçüsü Əli Quliyev deyib.

O, “UAE Warriors 67” turnirində keçirəcəyi növbəti döyüş haqqında fikirlərini bölüşüb: “İndi Taylanddayam və dünyanın ən böyük zallarından birində məşq edirəm. Komandam da yanımdadır. Artıq bir aydır ki, buradayam, səhər-axşam ağır məşqlər keçirik. İndi çəki salma mərhələsindəyəm.

Rəqibim Özbəkistandandır və Abu-Dabidə kifayət qədər tanınmış idmançıdır. O, həmin təşkilatda iki dəfə qalib olub. Mən də döyüşə yaxşı hazırlaşmışam və inanıram ki, Azərbaycan bayrağını qaldıracağam”.

Quliyev formada olduğunu qeyd edib: “Düzü, döyüşdən əvvəl detallar haqqında çox danışmağı sevmirəm. Nəyi necə edəcəyimi oktaqonda göstərəcəyəm. Əlimdən gələni edəcəyəm ki, sonda mənim əlim qaldırılsın. Hazırlıq prosesində həm güləş, həm də ayaqüstü üzərində ciddi çalışmışam. Məqsədim rəqibə düşünməyə imkan verməməkdir”.

Qeyd edək ki, yanvarın 31-i baş tutacaq döyüşdə Əli Quliyev Özbəkistan təmsilçisi Akbar İslomboyevlə qarşılaşacaq.