“Uzunmüddətli hədəfim karyeramda zirvə nöqtəsinə çatmaqdır”.

Bunu Offsideplus.az saytına açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.

O, Gənclər və İdman Nazirliyi tərəfindən 2025-ci ilin ən yaxşı kişi idmançısı seçilməsindən danışıb:

“Düzünü desəm, nazirliyin idmançılar arasında reytinq cədvəli açıqlanandan sonra bu nəticə müəyyən qədər gözlənilən idi. İl ərzində Dünya Çempionatı, İslam Oyunlarının gümüş medalını və Avropa çempionu adını qazanmışdım, reytinqdə də birinci yerdə idim. Amma buna baxmayaraq, “ilin idmançısı” seçilmək böyük qürurdur və bu, əməyimə verilən yüksək qiymətdir. Sözsüz ki, bu uğur təkbaşına qazanılmayıb. Aysberqin görünən tərəfi mənəmsə, görünməyən tərəfləri Güləş Federasiyasının mütəmadi dəstəyi və məşqçilərimizin əməyidir”.

Cəfərov gələcək hədəflərindən də danışıb: “2025-ci ili karyeramın ən uğurlu illərindən biri hesab edirəm. Böyük yarışlarda stabil çıxış etdim, beynəlxalq arenada ölkəmi layiqincə təmsil etdim. Əlbəttə, hər zaman daha yaxşısını etmək olar, amma bu il həm nəticələr, həm də təcrübə baxımından mənim üçün çox dəyərli oldu. Əsas məqsədim bu uğurların davamını gətirməkdir. Qarşıdakı beynəlxalq yarışlara maksimum hazırlaşmaq, nəticələrimi daha da yüksəltmək və Azərbaycan bayrağını zirvələrdə dalğalandırmaq istəyirəm”.

Qeyd edək ki, ilin ən yaxşı qadın idmançısı güləş üzrə Azərbaycan millisinin üzvü Jalə Əliyeva seçilib.