“Premyer Liqa üçün darıxmışam”.
Bunu Offsideplus.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu, hazırda “Şəki City” də forma geyinən Cavid İmamverdiyev deyib.
II Liqada 65 qolla bombardir olan 35 yaşlı yarımmüdafiəçi nəticənin onun üçün sürpriz olduğunu bildirib:
“Bu gün Premyer Liqadan təklif gəlsə, məmnuniyyətlə qayıdıb oynayaram. Ancaq bu, çətin məsələdir. Olacağı təqdirdə isə mənə cəmi bir ay yaxşı təlim-məşq toplanışı lazımdır ki, istədiyim formaya tam sahib olum. Hazırda elə bir vəziyyətdəyəm ki, hansı Premyer Liqa klubu olsa, gedərəm. Səviyyə baxımından II Liqa çox aşağı olsa da, burada sıxılmıram”.
İmamverdiyev Premyer Liqadan getməsinin səbəblərindən də danışıb:
“‘Kəpəz’də oynadığım dövrdə futboldan iyrəndim. Daha sonra psixoloji problemlərim yarandığı üçün futbolu atdım. Təxminən bir il oynamadım, yalnız məşqçiliklə məşğul oldum. Sonra isə kökəldim. Yenidən qayıdanda ‘Kür-Araz’da oynamağa başladım. İndi arıqlamışam və arıqlamağa da davam edirəm”.
Qeyd edək ki, C. İmamverdiyev karyerası ərzində “Neftçi”, “Karvan”, “Elazığspor”, “Sumqayıt”, “Sabah”, “Keşlə”, “Kəpəz”, “Kür-Araz”, “Hypers Quba” da forma geyinib.



