"Gənc ulduzlar" rubrikamızın bu dəfəki qonağı 13 yaşlı İbrahimdir.

"Qarabağ"da çıxış edən İbrahim Rza cari mövsümün ən çox fərqlənən oyunçularındandır və AFFA U-13 Liqasında finala yüksəlib. Komanda iyunun 14-ü saat 17:00-da "ASCO Arena"da "Neftçi" ilə üzləşəcək. Daha öncə "Sabah"ın akademiyasında oynamış İbrahim ilə müsahibəni təqdim edirik:

— İbrahim, özün barədə məlumat verirsən?

— İbrahim Rza, 1,77 sm. hündürlüyündəyəm, çəkim isə 66 kq.-dır.
— Futbola neçə yaşından və kimin sayəsində gəlmisən?
— 7 yaşımdan futbol oynayıram. İlk klubum "Sabah" olub, birinci müəllimim Rasim Nəsirli idi. Məktəbdəki seçimlər sayəsində futbola gəlmişəm. "Vətən"də də çıxış etmişəm. Bu mövsümdən etibarən "Qarabağ"a keçmişəm, bir ildir ki, bu komandada oynayıram.
— Hücumçusan, əvvəl də bu mövqedə çıxış edirdin?
— Xeyr, əvvəl müdafiəçi idim.
— Cari mövsüm ərzində nə qədər qol/assistə imza atmısan?
— 29 qol vurmuşam. Məhsuldar ötürmələrimi saymamışam.


— Bu mövsüm dubl, het-trik etdiyin oyunlar olub?
— Penta-trik etmişəm, "Baku Sportinq"ə qarşı idi. 3 gün bundan əvvəl "Metak"la oyunda da het-trikə imza atmışam.
— İndiyə qədər formasını geyindiyin klublarla hansı uğurların olub?
— "Qarabağ"la hələ ki bir uğurum olmayıb. "Sabah"la Gürcüstandakı beynəlxalq turnirdə qızıl medal qazanmışam. "Vətən"nin heyətində respublika ikincisi olmuşam.
— Ən çox sevindiyin oyun hansı olub?
— 2 il öncə U-11 Liqasında yarımfinalda "Vətən" - "Qəbələ" oyununda 5:0 qazanmışdıq. Həmin oyunda çox sevinmişdim.
— Ən kədərləndiyin oyun?
— Elə ən çox sevindiyim oyundan sonra. Finalda "Qarabağ"a uduzmuşduq.
— Gələcəkdə hansı klublarda oynamaq istəyərsən?
— Azərbaycanda "Qarabağ", Avropada isə "Liverpul".

— Ən bəyəndiyin futbolçu?
— Kristiano Ronaldo.
— Azərbaycandan?
— Zaur Tağızadə.
— Məktəbdə təhsilin necədir? Akademik dərəcə almaq istəyirsən?
— Dərslərim yaxşı keçir, "zərbəçi", "əlaçı"yam. Universitetə gəlincə, hə, oxuyaram. Anam həmişə deyir ki, futbolçu olsan da, bir işin də olmalıdır, məktəbdə də oxumalısan. İqtisadçı olmağı düşünürəm.
— Boş vaxtlarında nə edirsən?
— Həyətə çıxıram, futbol oynayıram, dərs oxuyuram.
— Başqa idman növləri ilə də maraqlanırsan?
— Hə, çox idmana getmişəm. Əvvəllər cüdo, gimnastika ilə məşğul olmuşam, indi isə atletikaya gedirəm. Sonra isə futbola gəldim.