“Goal+” futbol turnirlərinin layihə rəhbəri Yusuf Orucovun Offsideplus.az-a müsahibəsi...

- “Goal+” nədir? Mahiyyəti nədən ibarətdir?

“Goal+” ölkəmizdə idman sahəsində iştirak və kütləviliyin artırılması, bunun vasitəsilə gənclərin öz asudə vaxtlarını səmərəli keçirməsinə töhfə verən platformadır. 2021-ci ildə 16 komandanın iştirakı ilə kiçik bir futbol turniri olaraq başlamış Goal+, 2023-cü ildə artıq 80-dən çox komandanın iştirakı ilə 20000-dən çox insanı bir araya gətirən ölkənin ən böyük Yay İdman Festivalına çevrilmişdir. Platformamızın əsas məhsulu olan Yay İdman Festivalları vasitəsilə hər il futbol, basketbol, çimərlik voleybolu, stolüstü tennis, şahmat və e-idman kimi idman növlərində turnirlər həyata keçirir, böyük əksəriyyəti 14-25 yaş arası gənclər olan 65 yaşa qədər olan ziyarətçilərə festival ərazisində müxtəlif növ fəaliyyətlər təşkil edirik.

- Turnirin formatı necədir? Yaş fərqi var?

Fəaliyyətimizlə hər yaşdan olan gəncləri əhatə etməyə və onları sağlam həyata təşviq etməyə daim çalışırıq. Bu il keçiriləcək “Goal+”ın yay festivalında 4 yaş kateqoriyası - 14,17,19 və 23 yaş üzrə müvafiq olaraq U14, U17, U19 və U23 idman turnirləri baş tutacaqdır. 

- Müxtəlif ölkələrdə belə festivallar klublarla birgə keçirirlər. Sizin belə planınız varmı? Gələcəkdə “Goal+” futbol festivalını klublarla birgə keçirə bilər?

- Bəli, “Goal+” olaraq xarici ölkələrdə də festivallar təşkil etməyi və xarici futbol komandaları ilə əməkdaşlıq etməyi hədəfləyirik. Platformamız artıq beynəlxalq səviyyədə tanınmağa başlayıb. Bu il biz ABŞ-da Corc Vaşinqton Universitetində keçirilən "Sosial İnnovasiyalar" müsabiqəsində 198 komanda arasında 2-ci yerə layiq görülmüşük. Turnirimizdə bu ildən həm də xarici universitetlərdə təhsil alan tələbələr də iştirak edəcək. Planlarımız və həyata keçirmək istədiklərimiz çoxdur və bu istiqamətdə davamlı çalışırıq.

- Belə başa düşdüm ki, layihə məktəblilər və tələbələrlə bağlıdır. Təhsil, Gənclər və İdman Nazirliyinə hansısa müraciətiniz olub? Onlar sizə dəstək olurlar?

- Əlbəttə, gənclərin fəaliyyətini hər zaman dəstəkləyən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Məsələn, keçən il Gənclər və İdman Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində yay aylarında hər həftəsonu 'Sağlam Həyat Günləri' adlı tədbirlər təşkil edərək Bakı sakinlərini müxtəlif idman növləri vasitəsilə bir araya gətirdik. Bu il isə Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində 9 və 10-cu sinif məktəb şagirdləri arasında futbol turniri layihəsini həyata keçiririk.

 

- AFFA sizin layihəyə maraq göstərirmi? Qurum sizə hansısa dəstək olurmu?

- Fəaliyyətimizin ilk günündən etibarən Azərbaycan Futbol Federasiyası Assosiasiyası (AFFA) ilə daimi şəkildə müxtəlif istiqamətlərdə uğurlu əməkdaşlıq edirik. 2021-ci ildə  “Goal+”  AFFA tərəfindən maliyyə dəstəyi ilə təmin edilən layihələrdən biri olaraq seçilmişdir. Əməkdaşlığımız nəticəsində ölkəmizin gənclərinin sağlam həyat tərzi vərdişləri artır, müxtəlif idman növlərində iştirakçılığımız güclənir və idman festivalımız ildən-ilə daha geniş auditoriyalara çatır. Bu il də ənənəvi olaraq “Yay Festivalı 2024”də AFFA ilə əməkdaşlıq edəcəyik. 

- Bu il “Goal+”də hansı yeniliklərə şahidlik edəcəyik?

- Bu il “Goal+” platformasında bir sıra yeniliklərə şahid olacağıq. Belə ki, bu il U23 və U19 kateqoriyalarında turnirlərdə hər birindən 16 komanda iştirak edəcək və turnirə Çempionlar Liqası formatını tətbiq edəcəyik. U19 yarışımız keçən il böyük marağa səbəb oldu və bu il də komanda sayını eyni saxladıq, lakin komandalar bu il ev-səfər oyunları keçirəcək və formatımız hərəsində 12 komanda olan 2 qrup şəklində olacaq. U23 yarışımız isə demık olar ki, ən populyar yarışımızdır və hazırda 24 komanda iştirak edir. Bu yarış da U19-la eyni formatda olacaq, lakin AÇ-2016 formatında: yəni, 6 qrup hərəsində 4 komanda. Beləliklə, bu ilki festivalda 82 kollektiv iştirak edəcək ki, bu da son illərdə olan fəaliyyətimizə baxanda bir rekorddur.

Bundan başqa, ilk dəfə olaraq,bu il 7-8-ci sinif şagirdləri üçün də futbol turniri təşkil edirik. U14 yarışında 8 komandanın iştirakını planlaşdırmışıq. 

 

- Turnirdə çıxış edən futbolçularınızdan hansısa klublarımızın diqqətini çəkib? Ümumiyyətlə, peşəkar komandalar sizin layihəyə maraq göstərirlər?

- Bəli, turnirdə çıxış edən futbolçularımız bəzi peşəkar klubların diqqətini çəkib. Ümumiyyətlə, peşəkar komandalar layihəmizə maraq göstərirlər və biz klubları turnirlərimizə dəvət edirik. Məsələn, 2022-ci ildə U20 yarışımızın finalına 'Səbail' klubunun U19 komandasından məşqçilər gəlmişdi. Finalda komandası məğlub olsa da, gözəl oyunu ilə diqqət çəkən Hüseyn Abdulov seçmələrə dəvət edilmişdi. Bu kimi hadisələr gənc futbolçular üçün böyük motivasiya mənbəyidir və onların peşəkar karyeralarına başlamaları üçün şərait yaradır. 

- Qalib komandalara hansı mükafatlar verilir?

- “Goal+” olaraq, iştirakçıların motivasiyasını artırmaq və onların uğurlarını qeyd etmək məqsədi ilə qalib komandalara müxtəlif mükafatlar təqdim edirik. Bu il U23 yarışının qalibi 5,000 manat dəyərində mükafat əldə edəcəkdir. Bundan əlavə, U14 yarışının qaliblərinə AÇ-2024-ün topunu və Azərbaycan-İsveç matçına biletlər hədiyyə edəcəyik. Həmçinin, mükafatçılara Azərbaycan yığmasında və ya Premyer Liqada çıxış etmiş futbolçuların imzalı foto şəkillərini təqdim edəcəyik. 

- Sizə maraq niyə belə çoxdur? Mükafatlarınız yaxşıdır, yoxsa turnirdəki mübarizə iştirakçıların diqqətini çəkir?

- Zənnimcə, mübarizələrin intensivliyi, mükafatlar və ən əsası festival atmosferi marağın artmasına səbəb olur. Platformamız yay aylarında həm mübarizələrdə iştirak edən gənc idmançılar üçün, həm də həvəskarlar və ziyarətçilər üçün əyləncəli və məhsuldar zaman keçirmək üçün platforma yaradır. Çalışırıq ki, hər zaman onlarla daimi əlaqədə olaq və fəaliyyətimizlə bağlı rəylər toplayaraq, gənclərə hər il daha da maraqlı təcrübə təklif edək. Platformamıza olan marağı görmək bizim ən böyük motivasiyamızdır. 

 FOTOLAR: İRADƏ HATƏMİ