Azərbaycan milli komandasının üzvü, Bolqarıstanın "Arda" klubunda çıxış edən Cəlal Hüseynovun Offsideplus.az-a müsahibəsi.

- Son turda "Ludoqorets"ə qarşı oynadın... Oyunla bağlı nə deyə bilərsən?

- Sürətli oyun gedirdi. "Ludoqorets" son illərdə Bolqarıstanın ən yaxşı komandasıdı. Bu il çempionata yaxşı başlamayıblar. Mən matçın son 30 dəqiqəsində meydana çıxdım. Rəqibin təzyiqi var idi. Planlarımıza uyğun oynadıq. Qalib gəlmək üçün bəxtimiz və dəqiqliyimiz yetərincə olmadı.

- Komandanın əsas üzvü sayılırsan. Ancaq bu dəfə oyuna ehtiyatdan daxil oldun. Bu səndə qorxu yaratmır ki?

Məşqçinin qərarına hörmətlə yanaşıram. Hərm zaman öz şansımı gözləyirəm. Neçə dəqiqə şans versə, komanda üçün əlimdən gələni edəcəm.

- Bolqarıstandakı karyeran necə gedir? Uyğunlaşa bilmisənmi?

- Başlancığda çətinlik olur, sonradan uyğunlaşırsan. Mənə elə gəlir ki, uyğunlaşmışam. 20 yaşında legioner həyatı yaşamağı bacardığım üçün xoşbəxtəm.

- Azərbaycan futbolu ilə Bolqarıstan futbolunun fərqi nədədir?

- Hər iki ölkənin özünə xas fərqi var. Azərbaycanda taktiki futbola üstünlük verirlər. Burda həmin komandalar azdı. Bolqarıstanda üstünlük güc futbolunadı.

-Premyer Liqamızı izləyirsənmi? Sabiq komandan "Zirə" turnir cədvəlinə başçılıq edir.

- Bəli, izləyirəm. Sevindirici haldır ki, keçmiş komandam liderdir. Mövsümün sonunda "Zirə"nin çempion olmasını istəyirəm.

 

Nuh Tarverdiyev