Qadınlardan ibarət Azərbaycan millisinin və Macarıstanın "Vaşaş" klubunun voleybolçusu Ayşən Abduləzimovanın Offsideplus.az-a müsahibəsi...
- Ayşən xanım, hazırlıq necə gedir?
- Hazırlığımızı 10 günə yaxındır Mingəçevirdə davam etdiririk. Hər şey qaydasındadır.
- Komanda hazırda tam tərkibdə məşq edir?
- Xeyr, tam heyətlə məşq etmirik. Bakıya qayıtdıqdan sonra 2-3 voleybolçu da bizə qoşulacaq.
- Kollektivdəki ab-hava necədir?
- Şükürlər olsun, kollektivdə hər şey yaxşıdır. Hamımız savaşmağa hazırıq.
- Artıq V İslam Həmrəyliyi Oyunlarındakı rəqibləriniz də bəllidir. Bunlar Əfqanıstan, Seneqal və Kamerun yığmalarıdır. Sizcə, qrupdakı şanslarınız nə qədərdir?
- Əfqanıstan və Seneqal yığmalarına qarşı heç vaxt oynamamışam. Kamerun seçməsi ilə Braziliyada keçirilən Olimpiya oyunlarının tənsifat mərhələsində qarşılaşmışdıq. Az da olsa, rəqibi tanıyırıq. Ölkəmizi bu yarışda layiqincə təmsil etməyə çalışacağıq.
- Sizcə, qrupdakı ən çətin yığma komanda hansıdır?
- Fikrimcə, Kamerun yığması digər rəqiblərdən daha üstündür.
- Bu turnirdə millidən gözləntiləriniz nədir?
- Məqsədimiz birinci yerdir. 2017-ci ildə Bakıda keçirilən İslam Oyunlarında qalib olmuşduq. Bu uğuru yenidən ikinci dəfə təkrarlamaq istəyirik.
- Mart ayında AVRO-2023-ün seçmə mərhələsindəki rəqibləriniz bəlli oldu. Bunlar Sloveniya, Gürcüstan və Avstriyadır. Qrupdakı şanslarımızı necə qiymətləndirirsiniz?
- Bu qrupdan çıxmaq şanslarımız böyükdür. İnşallah, məqsədimizə çatarıq.
- Sizə görə bu qrupda ən çətin yığma komanda hansıdır?
- Ən çətin yığma Sloveniyadır
- Macarıstanın "Vaşaş" klubu ilə müqavilənizi bir il də uzatdınız. Ümumiyyətlə, daha neçə il legioner həyatı yaşamaq istəyirsiniz?
- Artıq dördüncü ildir "Vaşaş"da çıxış edirəm. Amma bundan sonra daha neçə il xaricdə oynayacağımı dəqiq deyə bilmərəm. Bunu zaman göstərəcək...
- Hazırda Azərbaycan voleybolunun durumu ürəkaçan deyil. Sizcə, bunun səbəbi nədir?
- Mən milli komandanın adından danışa bilərəm. Düzdür, keçən il iştirak etdiymiz turnirlərdə yaxşı nəticə qazana bilmədik. Bunun da səbəbi oyunçularımızın çoxunun zədəli olmasıydı. Amma bu il komanda tam tərkibdədir. İnanıram ki, hər şey yaxşı olacaq. Federasiya da pandemiyaya görə il yarımdan sonra Azərbaycan çempionatı təşkil etdi. Bu da ölkədəki voleybolun səviyyəsini saxlamaq üçün yaxşı addım idi. Artıq yeni mövsümdən ölkəmizi avrokuboklarda təmsil edəcək komanda da olacaq.
- Azərbaycan voleybolunun səviyyəsini qaldırmaq üçün hansı addımlar atılmalıdır?
- Fikrimcə, federasiya tərəfindən bu addımlar atılır. Düşünürəm ki, qarşıdakı illərdə bunun bəhrəsini görəcəyik.
Cavid Əliyev