Məmməd Quliyev - vaxtilə “Rəvan”, “İnter”, “Keşlə” kimi klubların şərəfini qorumuş, “Keşlə”ylə Azərbaycan kubokunun sahibi, “İnter”in heyətində Premyer Liqanın bürünc mükafatçısı...

Yüksək dəstədə komanda sayı azalandan, Birinci Divizionda isə limit tətbiq olunandan sonra o da futbolçu karyerasını davam etdirmək, həm də dolanışığını təmin etmək üçün ölkədən kənara çıxmağı vacib bilib. Artıq xeyli vaxtdır Taylandda top qovur, gözəl Asiya ölkəsinin çörəyini yeyib, suyunu içir.

Offsideplus.az olaraq ölkə xaricində oynayan futbolçuları diqqətdə saxladığımızdan, bu dəfə Məmmədi müsahib seçdik.

- Maraqlandım, Taylandda olduğunu dedilər.

- Elədir. Artıq 1 il 4 aydır buradayam.

- Futbol, Tayland, Azərbaycan... Bu üç ad bir yerdə qəribə səslənir. Keçidin necə baş tutdu?

- “Keşlə”dən ayrılandan sonra Premyer Liqadan təklif yox idi, evdə oturmuşdum. Açığı, Birinci Divizionda oynamaq fikrim yox idi. Bir yol qalmışdı, ölkədən kənara çıxmaq. Elə oldu ki, vaxtilə futbol oynamış Anar Babayevlə Seymur Aşurbəyov Taylanda gəlməyi məsləhət gördülər. Çünki məndən öncə onlar bura gəlmişdilər.

- Birbaşa müqavilə bağlamağa çağırdılar?

- Xeyr. Burda bir az başqa cürdür. Klublar CV-yə çox da önəm vermir. Keçmişdə yaxşı futbolçu ola bilərsən, lakin indiki durumun çox vacibdir. Ona görə də baxışa dəvət etdilər. Baxışda oldum, bəyəndilər. Dərhal üçüncü liqa təmsilçisi “Kamphaengphet”lə müqavilə bağladım. Ötən ilin əvvəli koronavirus pandemiyası yayılmağa başlayanda çempionatları dayandırdılar deyə, cəmi 3 oyunda forma geyinə bildim.

8734a5df 3fa2 47d1 9e27 0b502e597dba

- İndi hansı liqada oynayırsan?

- Yenə üçüncü liqadaydım. Payızda komandamı dəyişib, “Kasembundit”lə anlaşdım. Əslində, keçmiş komandam yeni müqavilə təklif etmişdi. Lakin bölgə təmsilçisi olduğundan, iş yerimi dəyişmək istədim. “Kasembundit” paytaxtı, yəni Banqkoku təmsil edir deyə, bu komanda ilə anlaşdım. Oktyabrdan dekabra kimi 19 oyunda meydana çıxdım, yeni baş qaldıran virusa görə çempionatı erkən başa vurdular. İndi sərbəstəm, ikinci liqa komandaları ilə danışıq aparıram. Yaxşı təkliflər almışam.

- Çempionatda fasilələr yarananda nə edirsən? Maaş verirlər?

- Müqavilən varsa, məvacib ödənilir. Lakin ötən il 5-6 ay fasilə yarananda klubla müqaviləmi pozmuşdum deyə, qazancım başqa yerdən çıxırdı. Kiçik biznes var, onunla məşğul olurdum, həm də məşqlərimi davam etdirirdim ki, formada qalım.

- Futbol səviyyəsi necədir?

- Bilirəm, kənardan baxanlara Taylandda futbolun olması qəribə gəlir. Amma sizi inandırım, kifayət qədər güclü futbolları var. Təsəvvür edin, yüksək dəstəyə düşmək asan məsələ deyil. Oyunlar gərgin keçir, güclü azarkeş dəstəyi var, maliyyə şərtləri də yaxşıdır. Vaxtilə “Zirə”də Nelson Bonilya vardı, çempionatımızın ən yaxşı hücumçularından idi. Neçə ildir burdadır, ortabab komandalarda çıxış edir. Adicə bir faktı deyim, burda ikinci və üçüncü liqa təmsilçilərinin fan-klubları var. Bunun özü nədənsə xəbər verir.

- Elitada oynamağa gücün çatmaz?

- Güc söhbəti deyil. Burda ən vacibi özünü göstərməkdir. Üçüncü liqanın bölgə komandasında oynayanda paytaxt təmsilçisi görüb bəyəndi. Bu komandada oynadım, indi ikinci liqa komandaları maraqlanır. Hər şey özümdən asılıdır. Yaxşı oynamaqda davam etdikcə qapılar açılacaq.

8c19d661 c426 409c bbd4 61de8bbc8564

- Heç şübhəsiz legionerlər ora pul qoxusuna gedir. Qazanc necədir?

- Yüksək dəstədə legionerlər aylıq 15-25 min dollar arası alır. Braziliya, İspaniya, Portuqaliya kimi aparıcı ölkələrdən futbolçular oynayır. İkinci liqada 3-5 min dollar arası verirlər. Üçüncü liqada isə maaş 2-3 min dollar arasıdır. Düzdür, 1000 dollar alanlar da var, baxır futbolçunun bacarığına. Futbol dayananda da qorxusu yoxdur, başqa işdə işləməklə xərclərimi qarşılayıram.

- Peşəkar statusla oynayırsan, yoxsa həvəskar?

- Burda üç liqanın hər biri peşəkar liqa sayılır. Toplanışlar vaxtı elita təmsilçilərinə qarşı yoldaşlıq görüşləri keçiririk. Hətta oyunların birində qol da vurmuşdum.

- Azərbaycanlı futbolçular Taylanda getməklə bağlı sənə xahiş-minnət etməmiş olmazlar.

- Xahiş-minnət deməzdim. Futbolçu yoldaşlarımdır, vaxtilə bir qabdan çörək yemişik. Ona görə də yaxın bilib soruşanlar, maraqlananlar olur. Amma indiki durumda heç cür mümkün deyil. Pandemiyaya görə turist vizası almaq qeyri-mümkündür. Turist vizası ilə ölkəyə girişə qadağa qoyulub. Mən də iş vizası ilə yaşayıram. Burda agentim var, sənəd işlərimlə o məşğul olur. Yoxsa viza almaq zülümdür. Vallah, elə bir imkan olsa, azərbaycanlı futbolçulara əl tutaram.

cd2c359c 3afd 43f9 b8f1 4a9ddd10c7f7 1

- Tayland mətbəxinə, havasına uyğunaşmaq çətin deyil?

- İlk gəldiyim vaxtlarda çox çətin idi. Yemək yeyə bilmirdim. İndi hər şey qaydasındadır. Çox vaxt özüm evdə nəsə bişirirəm. Donuz əti yemirəm deyə, yaxınlıqda müsəlmanların heyvan kəsdiyi yerdən mal əti alıram. Havaya gəlincə, bildiyiniz kimi, burda qış yoxdur. Dəhşətli istilər olur. Əsasən yağış mövsümündə çətin olur. Elə bir problem yoxdur, Azərbaycanda yağışda da oynamışam, istidə də, qarda da.

- Azərbaycana qayıtmaq fikrin yoxdur?

- Açığı, hazırda bu barədə düşünmürəm. Premyer Liqadan sərfəli təklif olsa, danışmaq olar. Burda işlərim qaydasında gedir.

HƏBİB

47bd2c1a f685 4094 9a8e 1b850214ab24

da57fb00 f89e 408e 9614 f4b23fbeff70